Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans verməyəcək - Ekspert


Digərləri 17 Apr 2019 14:46:11 250 0

Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans verməyəcək - Ekspert

Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans vermək fikrində deyil.

Bakı. Samir Əli - Azərbaycan xalqı siyasi ambisiyalarına görə parçalanan radikal müxalifət nümayəndələrinə yenidən şans vermək fikrində deyil. Bunu Trend-ə açıqlamasında “SƏS” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev deyib Ekspert bildirib ki, hər hansı bir müxalif qüvvənin hakimiyyətə iddia etməsi normal bir haldır, amma həmin müxalifətin siyasi təcrübəsizliyi, naşılığı, dövlətçilik məsələlərində büdrəmələri və s. yöndə faktlar varsa, bu zaman digər məsələlər ortaya çıxır. Müxalifətin hakimiyyətə can atması demokratiyanın təzahürüdür və bütün ölkələrdə həmin hal mövcuddur. B.Quliyev qeyd edib ki, bu gün Azərbaycanda hakimiyyətə iddialı olan müxalifət vaxtilə iqtidarda olub və həmin dövrdə ölkənin, xalqın başına hansı müsibətlər açılıb. Belə olan halda həmin iddiaya tamamilə ayrı prizmadan yanaşmaq lazım gəlir: “Hazırda radikal, dağıdıcı müxalifət kimi bildiyimiz düşərgə təmsilçilərinin əksəriyyəti iqtidarda olublar, amma onların iqtidarda olduqları vaxt hansı hadisələr baş verib, ölkədə nələr yaşanıb? Bax, bu reallıqları araşdırıb yenidən üzə çıxararkən deməliyik ki, 1992-1993-cü illərdəki hakimiyyət bilavasitə dövlətçilik piramidasını təməlli şəkildə laxlatmışdı. AXCP hakimiyyəti adlandırılan həmin iqtidarda ümumiyyətlə, heç kim öz yerində deyildi, hətta vəziyyət o həddə qədər gəlib-çıxmışdı ki, insanlar çayxanalardan nazir postlarına irəli çəkilir, ixtisasca müəllim olanlar, hərbi xidmətinə getməyənlər hərbi nazir vəzifəsinə, ya da Müdafiə Nazirliyində, ayrı-ayrı güc strukturlarına yüksək vəzifələrə təyin olunurdular. Təhsil, səhiyyə və başqa sahələrdə işini doğru-dürüst bilən şəxslər rəhbərlik etməyiblər. Adi diplomatik davranışlardan uzaq olan naşı “dövlət xadimləri” ölkəmizi bir ilin içində çox acınacaqlı vəziyyətə doğru sürüklədilər. Küçələrdə reketçilik, bazarlarda qıtlıq, xalqın isə ac və səfil vəziyyətə düşməsi, əsasən də Qarabağda baş verən acı olaylar – bütün bunlar yaxın keçmişdə baş vermiş hadisələrdir və bu hadisələri xatırlatmaq ona görə lazımdır ki, ictimaiyyət həmin insanların yenidən hakimiyyətə iddialı olmalarına qarşı öz gerçək münasibətini bildirsin”. O vurğulayıb ki, əxlaqları, mədəniyyətləri olmayan şəxslər parlament iclaslarında, televiziyaların canlı yayımlarında sözün əsl mənasında tərbiyəsizlik nümayiş etdirir, həqarətlər edir, bir-biriləri ilə əlbəyaxa olur, ən kiçik hadisələrə belə, aqressiya nümayiş etdirərək əslində siyasətə, dövlət idarəçiliyinə nə qədər yad olduqlarını sübut edirdilər: “Bu günün özündə baş verənləri unutmayan, onları qəbul etməyən xalqı sosial şəbəkələrdə təhqir edənlər də məhz həmin insanlardır. Siyasi ambisiyalarına görə müxtəlif partiya və birliklərə parçalanan radikal müxalifət səlahiyyətliləri bir-birilərinə bu gün də savaş açır, təhqirlər edir, bu vasitə ilə “doğru” olduqlarını sübut etməyə çalışırlar. Əgər belələri hakimiyyətə gəlsələr, görün, dövlətimiz və xalqımız üçün daha hansı ağır fəsadlar yaşana bilər. Biz unutmamışıq ki, AXCP hakimiyyəti dövründə jurnalistlərə qarşı hansı təzyiqlər, təqiblər olub, həmin iqtidarı tənqid edən media adamları vəhşicəsinə döyülüb, ailələrinə qarşı təhdidlər olub, canlı yayımlara hücumlar təşkil edilib və s. O zamanlar müvafiq beynəlxalq təşkilat tərəfindən ölüm hökmünə qoyulan qadağa mövcud ola-ola, Azərbaycanda bir neçə şəxsə qarşı ölüm hökmü tətbiq edilib. Cəbhədə özünə sui-qəsd ssenarisi hazırlatdıran müdafiə naziri “günahkarları” taparaq gənc əsgərləri güllələtdirib. Ümumiyyətlə, dövlətçiliyin təməli olan Konstitusiya qanunlarına, müddəalarına əməl olunmayıb, o cümlədən, iqtisadi tənəzzül, ərzaq qıtlığı, digər nəhəng problemlər nəticə etibarilə müstəqilliyimizin əldən çıxması təhlükəsini yaşatmışdı. Təbii ki, Azərbaycan xalqı heç vaxt həmin ünsürlərin yenidən hakimiyyətə gəlməyinə şans vermək fikrində deyil. Ona görə də belələri özlərini təmizə çıxarmaq üçün bütöv bir xalqı ittiham edir, “günahkar” çıxarmağa çalışırlar”. Siyasi ekspert son olaraq vurğulayıb ki, reallıqda belə naşı və siyasətbazların hakimiyyətə iddialarında inkişaf və tərəqqi edən Azərbaycan dövlətini istəməyən xarici qüvvələrin də maraqları var: “Həmin qüvvələr təbii sərvətləri, güclü iqtisadiyyatı olan ölkəmizdə öz maraqlarını təmin etməkdən ötrü onlara müəyyən dəstəklərini göstərirlər. Daha dəqiq desək, radikalların dağıdıcılıq prinsiplərini maliyyələşdirməklə Azərbaycana qarşı təsir dairələrini saxlamağa çalışırlar. Əlbəttə ki, artıq uzun illərdir müxtəlif cəhdlərin qarşısı alınır və demokratik mühitdə keçirilən bütün seçkilərdə xalqın iradəsi son sözünü deyir. Nəticədə, artıq bir dəfə hakimiyyətdə olmuş dağıdıcı müxalifət sözün həqiqi mənasında Azərbaycan xalqı tərəfindən rədd edilir. Bu, belə olub, belə də olacaq. Çünki heç kim tarixi, ondan doğan həqiqətləri unutmayıb”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin