Əli Kərimlinin "rəngli aləmi":


Siyasət 17 Apr 2019 12:07:00 260 0

Əli Kərimlinin "rəngli aləmi":

"Həzarat, Vətən əldən gedir - qoymayın! Qarabağı satırlar, imkan verməyin!" Son günlər özlərini həm də müxalifətçi, demokrat, vətən və millət fədaisi sayan bir para "siyasətçi"lər, "müstəqil bloqerlər", "siyasi xadimlər" və başqaları fəallaşıblar.

Nə olub?

Sən demə, Azərbaycanın Avropa İttifaqı ilə bağlamağa hazırlaşdığı tərəfdaşlıq sazişində ölkəmizin Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərimizdən bilmərrə, könüllü əl çəkməsi nəzərdə tutulub.

Yəni iddialara görə, Azərbaycan "Dağlıq Qarabağ əvəzinə Avropa Birliyinə inteqrasiya" variantını seçib.

İddiaların müəllifləri AXCP sədri Əli Kərimli, "Milli Şura" adlı marionetlər dərnəyindəki fiqurlar, Azərbaycanın İKT-dəki sabiq səfiri Arif Məmmədovdur.

Bu insanlar həmişə olduğu kimi, merkantil maraqlarını siyasi əqidə kimi, ətraflarındakı dəstənin fikrini xalqın rəyi kimi qələmə verir, bir-birlərinə dəstək müsahibələrini də "obyektiv mövqenin axtarışı" qismində əxz etdirməyə çalışırlar.

Siyasət dəllallarının sifarişli oyunlarının ssenarisi bəsit, ifası primitivdir.

Ən başlıcası isə onlar əsla xəbərdar olmadıqları mövzudan bəhs edirlər, ictimai fikirlə manipulyasiyaya can atırlar.

Savadsızlıq yalançılığa qarışıb.

Onlar "savadlı, məlumatlı və məntiqli" olduqlarını nümayiş etdirməkdə qərarlıdırlar.

Məsələn, AXCP sədri Əli Kərimli soruşur: "Axı nə üçün Azərbaycan aşkar və konkret şəkildə bəyan etmir ki, Dağlıq Qarabağın ermənilərin işğalında olmasının səbəbkarı Rusiyadır?!"

Sual ilk baxışdan vətənpərvər, radikal və "doğma" təsir bağışlayır. Axı Əli Kərimli problemin həllini, torpaqlarımızın azad olunmasını istəyir, yox?! İstəməsə, belə deyərmi?!

AXCP sədrini, habelə Arif Məmmədovu və "müstəqil bloqer"ləri, YouTube və Facebook-da canlı yayımlar edib Vətənlə vətəndaşları düşündüklərini tutuquşu kimi təkrarlayanları tanımasaq, elə düşünmək olardı.

Olmur.

Əvvəla, o canlı yayımçılar Vətən aşiqləri yox, Vətənin məşuqları sayırlar özlərini. Maraqları qisas, mənafeləri puldur.

Hə, and içəcəklər, "ifşa"lara əl atacaqlar - amma mahiyyətlərini çox pis pərdələdikləri kimi bəraətləri də demaqogiya, söz bazarı, əllaməçilik və yalançılıq olacaq.

Bütün dövrlərdə marginallığı müdriklik kimi göstərməyə çalışan binəvalar təki.

Azərbaycanın yerləşdiyi coğrafiyadakı siyasi, geosiyasi, iqtisadi və s. proseslərdən bixəbər olan bu binəvalar hələ də diplomatiyanın, incə siyasətin, dövlətlərarası münasibətlərin özəlliklərinin və əslində siyasətin özünün kuluar özəlliklərindən məlumatsız insanlardır.

Məlumatsızlıq qəbahət deyil. Hamı politoloq, diplomat və ya siyasətçi deyil, bu da çox normal, gərəkli situasiyadı.

Anormal olan cahilin özünü aqil kimi göstərməsidi.

AXCP sədri, "Milli Şura"nın moderatoru Əli Kərimlinin qərinələr əvvəl Azərbaycanın dövlət katibi vəzifəsində çalışdığını nəzərə alsaq, onun primitiv improvizələri yalnız kədərlə qarşılana bilər.

Arif Məmmədov, Əli Kərimli və ilaxırlar hiddətlə buyururlar: "Avropa Birliyi ilə sazişin imzalanması prosesində Azərbaycan mütəq Gürcüstanın təcrübəsindən yararlanmalıdır".

Açıqlama absurd olmaqla yanaşı, təhlükəlidir.

Çünki Gürcüstan Avropa Birliyi ilə 2014-cü ildə analoji saziş imzalayanda de-yure olmasa da, de-fakto "Abxaziya və Cənubi Osetiya əvəzinə Avropa Birliyinə maksimum yaxınlaşma" şərti ilə razılaşıb.

Rəsmi Tbilisinin o zamandan bəri Rusiyanın ünvanına çox sərt ittihamlar irəli sürməsi, Rusiyanı işğalda suçlaması və radikal mövqe tutmasının da səbəbi Moskvanın "fors-major" durumda necə davranmasından narahat olmamasıdır.

Sadə dillə desək, Avropaya inteqrasya müqabilində ərazisinin bir qismində separatçı rejimlərin mövcudluğu ilə de-fakto barışan Gürcüstanın imzaladığı saziş heç bir halda Azərbaycan üçün presedent ola bilməz.

Azərbaycanın mövqeyi 25 il əvvəl açıqlanıb: rəsmi Bakı heç bir halda, heç bir şərtlə və heç bir maraq naminə Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərin azad edilməsi ilə barışan deyil. Tam əksinə, münaqişə ilə bağlı mövcud status-kvo ilə razılaşmayan Azərbaycan işğalçı Ermənistan qarşısında şərt qoyub: ya erməni əsgərləri son nəfərinədək torpaqlarımızdan çıxır, Dağlıq Qarabağın statusu Azərbaycan ərazisində keçiriləcək referendumda həll olunur və qarabağlı ermənilərin hüquqları ölkənin bütün vətəndaşlarının hüquqları səviyyəsində təmin olunur, ya da Azərbaycan işğalçılara və separatçılara qarşı antiterror əməliyyatına başlayır.

Daha bəsit yazsam, Azərbaycan heç vaxt Dağlıq Qarabağı, erməni işğalında olan digər ərazilərimizi nəyəsə dəyişən deyil.

Bu qədər bəsit.

Əli Kərimlinin, habelə onun kimi düşünən və sosial şəbəkələrdə nifrin qarışıq savadsızlıq püskürənlərin davranışı bir sadə həqiqəti göstərir: bu insanlar Dağlıq Qarabağ münaqişəsinin problematikasından, aparılan danışıqların məzmun və mahiyyətindən, rəsmi Bakının mövqeyinin məziyyətlərindən bixəbərdirlər.

Azərbaycan illər əvvəl bəyan etdiyi mövqeyindən, açıqladığı prinsiplərindən zərrə misalı olsa da, geri çəkilən deyil.

Ən nəhayət, Avropa Birliyi ilə yanaşı, digər pan-Avropa təşkilatlarının hamısının bütün (!) qətnamələrində, sazişlərində, bəyanatlarında və müqavilələrində Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı tanınıb, erməni işğalı qətiyyətlə pislənib.

Belədirsə, puç aberrasiyalara vararaq Avropanın mövqeyinin dəyişdiyini iddia etməyin nə qədər gülünc olduğunun fərqindədirmi "müxalifət ideoloqları"?!

Boş "müzakirələr", mənasız iddialar siyasətə iddialı olmaqdır - siyasət deyil.

Əfsuslar olsun ki, belə "müxalifət"lə yaşamaq məcburiyətindəyik.

Elçin Alıoğlu Son.az