TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi


Digərləri 17 Apr 2019 11:17:00 218 0

TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi

Azərbaycanın "Şahdəniz-2" yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib.

SOCAR-dan Son.az-a verilən məlumata görə, Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir.