Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib


Digərləri 16 Apr 2019 23:56:00 212 0

Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən Aprel qələbəsinin üçüncü ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib.

Ombudsman Aparatından Son.az-a verilən məlumata görə, bu günlərdə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində bu mövzuda tədbir keçirilib.

Tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, "Yeni yazarlar və sənətçilər" İctimai Birliyinin sədri Aydınxan Əbilov, əməkdar jurnalist, hərbçi-şair Rəşad Faxralı və digər Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər.

F.Ağayev tariximizin şanlı səhifələrindən olan Aprel zəfərinin əhəmiyyətini, Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş edərək mühüm strateji mövqelərin ələ keçirildiyini xüsusi vurğulayıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasət nəticəsində hərbi sənaye sahəsində qısa müddətdə əldə edilmiş nailiyyətlər və hərbi potensialımızın gücləndirilməsi barədə danışıb.

Aparatın əməkdaşı aprel hadisələri günləri Ombudsmanın döyüş bölgələri olan Goranboy, Naftalan, Tərtər, Ağdam və Füzuli rayonlarının təmas xəttindəki yaşayış məntəqələrinə gəldiyini, yerli sakinlərlə görüşdüyünü, ermənilərin atəşi nəticəsində evlərin və sosial obyektlərin dağıldığının şahidi olduğunu, azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpəyə kimi getdiyini qürurla söyləyib.

Daha sonra Cocuq Mərcanlının qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğu, Müvəkkilin ora bir neçə dəfə səfərlər etdiyi, yerli sakinlər və əsgərlərlə görüşdüyü diqqətə çatdırılıb. E.Süleymanovanın Aprel qələbəsinin ildönümü ilə bağlı Zəfər yürüşündə iştirakı, Horadiz şəhərində dəfələrlə "Aprel Şəhidlərinə Xatirə" abidəsini ziyarət etdiyi bildirilib.

Qonaqlar bu əhəmiyyətli tədbirə dəvətə görə Müvəkkilə minnətdarlığını bildirib, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha dünyaya bəyan edən Aprel döyüşləri və qazanılan uğurlar barədə ətraflı məlumat veriblər. Onlar bu kimi tədbirlərin uşaq və gənclərin vətənpərvərlik, şanlı döyüş ənənələrinə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.