Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib (FOTO)


Digərləri 16 Apr 2019 13:23:27 191 0

Gəncə Avtomobil Zavodunun Türkiyədə inşa etdiyi “Belarus” markalı traktor istehsalı zavodu istifadəyə verilib (FOTO)

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub.

Bakı. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi olub. Trend-in məlumatına görə, Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq zavodun açılış mərasimində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim, ATÜB-ün direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Aliyev, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, “BelAZ” Avtomobil zavodunun baş direktoru Pyotr Parxomçik, “Amkodor” şirkətinin baş direktoru Valeri İvankoviç, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko və digər rəsmi şəxslər iştirak ediblər. Məlumat verilib ki, layihə üçün güzəştli şərtlərlə torpaq sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dollar təşkil edir. Bu vaxta qədər görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin də işləməsi nəzərdə tutulub. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli və Belarusun Baş nazirinin müavini İqor Lyaşenko KİV nümayəndələri qarşısında çıxış edərək zavodun istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu müəssisənin qurulması Azərbaycan, Türkiyə və Belarus arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın xoş təcəssümüdür. Böyük perspektivi olan bu müəssisənin tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb. Əminliklə ifadə olunub ki, istifadəyə verilən zavod rentabelli fəaliyyəti ilə özünü doğruldacaq. Zavodla tanışlıqdan sonra burada yığılan ilk traktorların sınaq hərəkəti keçirilib.