IV Buktreyler Festivalının Münsiflər Heyəti öz işinə başladı


Digərləri 16 Apr 2019 02:58:24 218 0

IV Buktreyler Festivalının Münsiflər Heyəti öz işinə başladı

Kitabı tanıdın, kitabla tanının!

Bakı. IV Buktreyler Festivalının Münsiflər Heyəti artıq öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bildirib. R.Sabirli deyib: “Buktreylerlərin qəbulu başa çatdıqdan sonra Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilərək iştirak şərtlərinə, qoyulan tələblərə uyğunluğu yoxlanmışdır və festival qəbul edilmiş buktreylerlər Münsiflər Heyətinə təqdim edilmişdir. Obyektivliyi qorumaq məqsədilə Münsiflər Heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçirirlər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir. Hər bir iştirakçıya uğurlar arzulayıram!” Xatırladaq ki, Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir. “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.