Xalq yaddaşında "Abuneysan" hansı dövrdür?


Digərləri 15 Apr 2019 22:48:00 202 0

Xalq yaddaşında "Abuneysan" hansı dövrdür?

Xalq təqvimində aprel ayı iqlim dəyişikliyinə görə ən təzadlı ay hesab olunur. Müxtəlif illərdə fərqli olsa da, demək olar ki, bu ayda hər gün təbiətdə dəyişiklik baş verir. Kəndlərdə yaşayan hər kəs yaxşı bilir ki, aprel ayında bir neçə saat yağan yaz yağışından sonra təbiətdə dərhal dəyişiklik əmələ gəlir. Bu göstərir ki, bu ayda xalq təqvimini nəinki günlərə, hətta saatlara da bölmək olar.

Nə gözəl ruzigar oldu...

Son.az bildirir ki, AZƏRTAC-a müsahibəsində tədqiqatçı jurnalist Zaleh Novruzov deyib ki, aprel ayında yağan yağışa "neysan" (abu-neysan) deyirlər. Bəzi tədqiqatçılar leysanla neysanı eyniləşdirirlər. Hər kəs bilir ki, leysan fasiləsiz və gur yağan yağışlara deyilir. Böyük dağıntılara səbəb olan bu yağış arzuolunmazdır. Neysan isə aprel ayında yağan, bitkilərin, əkin sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən yağışdır. Etnoqrafik yaddaşımıza, ata-babalarımızın dünyagörüşünə əsaslanaraq demək olar ki, aprel ayının 15-dək olan dövr xalq təqvimində "abu-neysan" adlandırılıb.

XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Qasım bəy Zakir "Oldu" şeirində də bu mövzuya toxunaraq yazıb:

Əmr olundu, abi-niysan!

Cansızlara bəxş etdi can.

Yenə təzələndi dövran,

Nə gözəl ruzigar oldu!

Zaleh Novruzov qeyd edib ki, xalq təqvimində "qara yaz" adlanan bölgü var. Bəzən tədqiqatçılar qara yazın bölgüsünü fərqli aparırlar. Üçcildlik "Azərbaycan etnoqrafiyası" kitabında yaz günlərindən aprel ayının sonlarına kimi, yəni, yazdan 40 gün keçən dövr "qara yaz" adlandırılıb. Yaşlıların dediyinə görə, əvvəllər qara yaz çıxmamış sobaları yığışdırmazdılar. Topladığımız məlumatlar da göstərir ki, Naxçıvanda yazın ilk günündən aprelin 15-nə qədər olan dövr "qara yaz" adlanır. Xüsusən heyvandarlıqda qara yaz ağır dövr hesab edilir. Bəzi illərdə hələ Novruz bayramından əvvəl düzən və təpələrin güney hissəsi yaşıllaşsa da, heyvan yerdən ot götürə bilmir, yaz otuna ağzı dəydikdə quru yemi yaxşı yemir. Naxçıvanın qışı soyuq, yayı isə isti və quraq keçdiyinə görə alçaq dağlıq hissələrdə yazın ilk iki ayını çıxmaq şərtilə bitki örtüyü zəif olur. Buna baxmayaraq, yaşlılar söyləyirlər ki, payızda qoyun dərisini yerdə sürüyən zaman üzərinə çör-çöp yapışsa, bil ki, qoyun-quzu ac qalmayacaq. Yazda isə dərinin üzərinə bir yumurta həcmində göy ot yığıbsa, deməli, heyvanların qidası yaxşı olacaq. Bu dövrdə otun az olmasına baxmayaraq, el arasında deyildiyi kimi, "qoyun dişini qıcayır" - yəni, yem götürməyə çalışır.


Xəbərə aid fotolar