Almaniya millisinin menecerindən Özil etirafı: "Səhv etdik"


İdman 15 Apr 2019 17:10:00 233 0

Almaniya millisinin menecerindən Özil etirafı: "Səhv etdik"

Almaniya millisinin meneceri Oliver Birhoff yığmadan gedən Məsut Özillə bağlı danışıb.

Goal.az-ın məlumatına görə, alman mütəxəssis əvvəlki açıqlamasından fərqli olaraq bu dəfə 30 yaşlı yarımmüdafiəçiyə qarşı səhv etdiklərini bildirib:

"Məsutun milli komandadan getmək məsələsində bir çox səhvlər oldu. Səhv edənlər arasında mən də varam. Nəhayət, ortaya xoş olmayan bir mənzərə çıxdı. Buna görə məyusam".

Birhoff Özilin Almaniyada kəskin tənqid edildiyi vaxtda isə məsələyə fərqli yanaşmışdı. O, həmin dövrdə türk əsilli futbolçunun səhv addım atdığını bildirmişdi: "Bu günədək heç bir futbolçumuza nəyisə diqtə etməmişik, amma bəzi məsələlərdə razı salmağa çalışmışıq. Lakin Məsutla razılaşa bilmədik. O, dünya çempionatında komandanın heyətində olmamalı idi".

Qeyd edək ki, Arsenal-ın formasını geyinən Məsut Özil Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla çəkdirdiyi şəkilə görə Almaniyada irqçi təzyiqlərə məruz qalmış və bundan sonra milli komandanı tərk etmişdi.