Gənclər Fondu gənclərin məşğulluğu proqramına start verib (FOTO)


Digərləri 15 Apr 2019 15:42:00 309 0

Gənclər Fondu gənclərin məşğulluğu proqramına start verib (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondu işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əmək haqqının qismən maliyyələşdirilməsi proqramının başlanmasını elan edir

Bakı. Ölkə gənclərinin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həll edilməsi, o cümlədən, gənclərin layiqli məşğulluğunun təmin edilməsi ölkə başçısı İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilib. Fonddan Trend-ə verilən məlumata görə, bununla əlaqədar, Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verir. Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcəkdir. Proqram çərçivəsində işə cəlb olunan gənclərlə minimum 1 illik əmək müqaviləsinin bağlanması və əmək haqqının müəyyən müddətə qismən Fond tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcəkdir.