Maliyyə Nazirliyi deputatın ittihamlarına cavab verdi


Digərləri 15 Apr 2019 15:19:00 296 0

Maliyyə Nazirliyi deputatın ittihamlarına cavab verdi

Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədovun ən çox nöqsan aşkarlanan qurumların siyahısında Maliyyə Nazirliyinin adını çəkməsi onun subyektiv yanaşmasıdır.

Son.az xəbər verir ki, bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Trend-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Palatanın 197 səhifədən ibarət olan 2018-ci il üzrə hesabatı ilə istənilən şəxs də tanış ola bilər və burda deputatın iddia etdiyi kimi Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur: "Ona görə də deputat Vahid Əhmədovun bu mövqeyinə və düşüncələrinə, onun hansı faktlara və məntiqə söykəndiyinə şərh verməyi artıq hesab edirik".

M.Piriyev həmçinin vurğulayıb ki, Maliyyə Nazirliyi Hesablama Palatasının təqdim etdiyi 2018-ci il üzrə hesabatı təqdir edir və dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, artıq və əsassız ödənişlərin aşkar edilməsi, təqsirkar şəxslər hesabına həmin vəsaitlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində Palata tərəfindən görülən işləri tam dəstəkləyir və onunla bu istiqamətdə sıx əməkdaşlıq edir.