Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub


Digərləri 15 Apr 2019 11:47:00 244 0

Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub

Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının "Qafqaz tarixi" mövzusunda mühazirəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb.

Mühazirəçi qeyd edib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Təsadüfi deyil ki, müasir dövrdə də hər iki dövlət qaçqın qəbul edir. İstər Azərbaycan, istərsə də Türkiyə ərazisində özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsini, türk dilinə məxsus səslərin ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud Kaşğarinin "Divani lüğət-it-türk" əsərinin türklərin qədim dili, tarixi və mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.

Türkiyəli professor Qafqazın müsəlmanlaşması məsələsinə aydınlıq gətirərkən, türklərə İslam dininin qılınc gücünə qəbul etdirilməsi barədə fikirlərin yanlış olduğunu, insanların bu dini zaman-zaman könüllü qəbul etdiklərini bildirib.

"Qafqaz bizim üçün bir tarixdir", - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.

"Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da mənən, ruhən birdir", - deyən professor İlbər Ortaylı ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladıb.


Xəbərə aid fotolar