Bakıda narkotiklə mübarizəyə həsr olunmuş konfrans keçirilir


Digərləri 15 Apr 2019 11:19:00 234 0

Bakıda narkotiklə mübarizəyə həsr olunmuş konfrans keçirilir

Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Qlobal tərəfdaşlıqların səfərbər edilməsi"nə hədəflənmiş Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Konfransda çıxış edən Baş nazir Novruz Məmmədov bildirib ki, Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı səmərəli və faydalı əməkdaşlıq prinsipinə əsaslanır. Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir.

N.Məmmədov deyib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir. Narkotiklərin qanunsuz dövriyyəsi həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər törədir.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov isə Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində üç dövlət proqramının uğurla icra edildiyini xatırladıb. Azərbaycanda müasir texnologiyalar vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır və son dövrlərdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vurğulayıb ki, görülən ciddi tədbirlər nəticəsində 2019-cu ilin ilk 3 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 dəstə aşkar edilib və 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb.