Əyyub peyğəmbərin imtahanı


Digərləri 14 Apr 2019 23:55:00 284 0

Əyyub peyğəmbərin imtahanı

Əyyub - əleyhis-salam - İsrail oğullarına göndərilən bir peyğəmbər idi. O, saflığı və mülayimliyi ilə seçilirdi. Uca Allah onu Qurani-Kərimdə zikr edir, gözəl əxlaqlı ​​​olmasına görə onu tərifləyir və onun düçar olduğu bəlaya səbir etdiyini xüsusi olaraq qeyd edir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı" (Sad, 44). Əyyub peyğəmbər həm zəngin, həm də hörmətli bir insan idi. Uca Allah onu ailəsi, övladları və var-dövləti ilə sınağa çəkdi. Bundan başqa o, ağır xəstəliyə də düçar oldu. Deyilənə görə bu, cüzam xəstəliyi idi. Bu xəstəlik onun dili və qəlbi istisna olmaqla bütün bədənini bürüdü. O, insanlardan heç kəsin məruz qalmadığı çətin sınaqla üzləşdi. Buna baxmayaraq o, Allahın qəzavü-qədərinə razı qaldı, Allahı zikr və dua etməyə davam etdi.

Onun xəstəliyi o qədər uzun çəkdi ki, hətta yaxın adamları və dostları belə onu tərk etdilər. Belə olan halda o, Rəbbinə üz tutdu. Uca Allah Qurani-Kərimdə bu haqda belə buyurur:

"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83).

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah da: "Biz ona dedik: "Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!" (Sad, 42) - deyə buyurur.