Niyə insanlar heyvan südü içir?


Digərləri 13 Apr 2019 23:32:00 225 0

Niyə insanlar heyvan südü içir?

Yer üzünün ilk insan sakinləri heyvan südünü həzm edə bilməyiblər, lakin indi vəziyyət başqadır. Təkamül bizi süd məhsullarına qarşı necə immun edib?

Elə bir çağda yaşayırıq ki, südün də alternativləri mövcuddur.

Soya və ya badam kimi bitkilərdən alınan alternativ südlər veganlar üçün əla seçim olduğu kimi, heyvan südünə allergiyası olan insanlar üçün də yaxşı əvəzləyicidir.

Lakin südün alternativ növlərinin artması, insanın heyvan südü ilə münasibətində ən son dəbdir. Bu münasibətin yaşı isə min illərə dayanır.

Əslində dərindən fikirləşsək, süd qəribə bir içkidir.

Bu maye, inək və sair məməli heyvanların yeni doğulan balalarını yedirməsi üçün yaranır və biz də içmək üçün onu heyvanlardan sağırıq.

Bir çox mədəniyyətlərdə isə bu ənənə ümumiyyətlə yoxdur.

2000-ci ildə Çin sağlamlığa müsbət təsiri əsasında insanları süd içmək və süd məhsullarından istifadə etməyə həvəsləndirmək üçün ölkə miqyaslı kampaniya təşkil etmişdi.

Kampaniyanın başqa bir məqsədi yaşlı çinlilərdə südə qarşı olan xofu aradan qaldırmaq idi. Qıcqıran süddən əmələ gələn pendir hələ də bir çox çinlilərin ürəyini bulandırır.

Rusiyadakı bir südçülük fermasında süd boşaldılır. Bəşəriyyətin 300 min illik tarixinə baxmayaraq, süd içmək yeni vərdiş hesab olunur

Bəşəriyyətin 300 min illik tarixi fonunda süd içmək yeni bir vərdiş hesab olunur.

Təxminən 10 min il bundan əvvəl demək olar ki, heç kim süd içməyib. İçən olsa da, nadir hallarda baş verib.

İlk süd içən insanlar ilkin fermerlər və ilk dəfə inəklər də daxil olmaqla əhliləşdirilmiş heyvanlarla yaşamağa başlayan Qərbi avropalı pastoralistlər olublar. Hal-hazırda süd içmək Şimali Avropa və Şimali Amerikada adi haldır.

Uşaq qidası

Heyvan südü içməyin niyə qəribə olduğunun bioloji səbəbi var.

Südün tərkibində laktoza adlanan şəkər mövcuddur ki, meyvə və digər şirin qidalardakı şəkərdən fərqlənir.

Körpə ikən bədənimiz laktaz adlanan ferment yaradır ki, ana südündəki laktoza bu yolla həzm olunur.

Lakin diş çıxardıqdan sonra, bir çox körpələrdə bu fermentin istehsalı dayanır. Laktazsız biz süddəki laktozanı düzgün həzm edə bilmirik.

Nəticədə çox miqdarda süd içən yetkin yaşlı bir insan köp, ağrılı spazmalar və hətta ishaldan əziyyət çəkə bilər. (Qeyd etməyə dəyər ki, digər məməlilərdə də laktaz yoxdur. Məsələn, yetkin inəklər, pişiklər və ya itlər.)

Süd içən ilk avropalılar yəqin ki, köpdən çox əziyyət çəkiblər. Lakin getdikcə təkamül öz işini görüb və bəzi insanlar yetkin yaşda belə, laktaz fermentini saxlamağa başlayıblar.

Bu "laktaz davamlılığı" insanlara əks-təsir olmadan süd içmək imkanı verib. DNT-də laktaz geninin fəaliyyətini idarə edən hissənin mutasiyaya uğraması nəticəsində bu cür davamlılıq formalaşıb.

Misirdə tarixi eramızdan əvvəl 2350-ci ilə çatan Methethi-nin qəbri üzərindəki incəsənət işi, qədim bir misirlinin süd sağdığını təsvir edir

"Laktaz davamlılığı mutasiyasına Qərbdə ilk dəfə 5000 il cənubi Avropada əvvəl rast gəlinib və mərkəzi Avropada 3000 il əvvəl yayılmağa başlayıb," Parisdə yerləşən Bəşəriyyət Muzeyinin dosenti və laktoz davamlılığı elmi üzrə 2017-ci ildə çap olunan icmalın həm-müəllifi Laure Segurel deyir.

Laktaz davamlılığı xüsusiyyəti təkamül edib və bu gün bəzi cəmiyyətlərdə son dərəcə adi qəbul olunur.

Şimali Avropada 90%-dən artıq insan laktaza sahibdir. Eyni hal Afrika və Yaxın Şərqin bəzi xalqları üçün də keçərlidir.

Lakin laktaz davamlılığının nadir vəziyyət kimi qiymətləndirildiyi bəzi cəmiyyətlər də mövcuddur: bir çox afrikalılarda bu mutasiya getməyib və Asiya və Cənubi Amerikada da qeyri-adi sayılır.

Honkonqda soya südü alan bir qadın. Laktaz davamlılığının mövcud olmadığı asiyalıların bir çoxunda heyvan südü narahatlıq yaradır

Bu nümunəni anlamaq bir az çətindir. Çünki biz, süd içməyin və laktaz davamlılığının yaxşı şey olub-olmadığını bilmirik, Segurel deyir: "Niyə özlüyündə bu qədər güclü şəkildə üstünlük sayılıb ki?"

Ən aşkar cavab budur ki, süd içmək insanlar üçün yeni qida maddələri mənbəyi idi və aclığı azaldırdı. Amma yaxından nəzər salsaq, bunun əsaslı olmadığını görərik.

"O qədər çox sayda fərqli qida mənbələri var ki, bir qida mənbəyinin digərlərindən bu qədər mühüm, bu qədər fərqli olması təəccüb doğurur," Segurel söyləyir.

Laktoza intolerant olan insanlar əks təsir olmadan müəyyən miqdarda laktoza qəbul edə bilərlər, deməli az miqdarda süd içmək olar.

Südü yağ, qatıq, qaymaq və ya pendirə çevirmək variantları da laktozun miqdarını azaldır. Holland pendiri kimi bərk pendirlərin və yağın tərkibindəki laktozanın miqdarı süddəkindən 10 faiz daha azdır.

"Tərkibində ən az laktoza olan süd məhsulları qaymaq və yağdır," Segurel deyir.

Parmigiano-reggiano (parmezan) kimi bərk pendirlərin tərkibində cüzi miqdarda laktoza olur

Buna uyğun olaraq insanlar pendiri çox erkən dövrlərdə kəşf ediblər.

2018-ci ilin sentyabrında indiki Xorvatiya ərazisində saxsı qab hissələri aşkarlayıblar. Onların üzərində yağlı turşulara rast gəlinib.

Bu da saxsıların zərdabı kəsmikdən ayırmaq üçün (pendir istehsalında mühüm mərhələ) istifadə edildiyini göstərir.

Əgər bu doğrudursa, belə çıxır ki, cənubi Avropada pendir 7200 il əvvəl hazırlanmağa başlanıb. Bu isə laktaz davamlılığı Avropadan yaranmamışdan çox əvvələ təsadüf edir.

Yeri gəlmişkən, bəzi xalqların güclü laktaz davamlılığına malik olması və bəzilərinin olmamasının arxasında bir nüans yatdığı aydındır, London Kollec Universitetindən genetika professoru Dallas Swallow belə düşünür.

Bu xüsusiyyətə sahib insanlar mal-qara saxlayan pastorialistlərdir.

Ovçuluq-yığıcılıqla məşğul olan insanlarda mutasiyaya ehtiyac qalmayıb - bu, bitki becərən "meşə bağbanlarına" da aiddir.

Heyvan südü əldə etməyən insanların onu içmək kimi təkamül dəyişikliyinə məruz qalmaması ağlabatandır.

Bəs necə olub ki, bəzi pastorialistlərdə laktaz davamlılığını digərlərindən daha çox qazanıblar?

Mal-qara düşərgəsində inək sağan sudanlı oğlan

Segurel şərqi Asiyanın çobanlarını misal çəkir.

Məsələn, Monqolustan çobanları qidaları üçün heyvanlarının südünə ehtiyacı olmalarına baxmayaraq, ən az laktaz davamlılığına malik insanlardır.

Mutasiyalar yaxınlıqdakı Avropa və Qərbi Asiya əhalisi arasında geniş yayıldığına görə, bu Şərqi asiyalı qrupa da təsir etdiyini düşünürsən. Lakin elə olmayıb.

"Bu böyük bir tapmacadır," Segurel deyir.

Süd məhsullarının faydaları

O, südün qidalı maddələr təminatından savayı, başqa üstünlükləri olduğunu dilə gətirir. Mal-qara saxlayan insanlar onların xəstəliklərinə də asanlıqla yoluxa bilər.

Buraya qarayara və kriptosporidioz da daxildir.

Bəlkə də inəyin südü onların orqanizmində bu infeksiyaların bəzilərinə qarşı immunitet formalaşdırır.