Qadınlar, yoxsa kişilər daha romantikdir?


Digərləri 13 Apr 2019 20:25:00 189 0

Qadınlar, yoxsa kişilər daha romantikdir?

Romantika insanların öz aralarında hiss və düşüncələrini bir-birilərinə ən gözəl şəkildə əks etdirməsidir.  Ancaq bir şəxslə romantika yaşanmaz və o, nə sadəcə qadına, nə də kişiyə aiddir. Onun qarşılıqlı olaraq hər insanda da olması lazımdır. Bu gün hər iki cins də romantikanın qarşıdakı tərəfdə olmadığını iddia edir. Hətta bəzi qadınlar romantikanın, sadəcə, kişilərdə olmasının vacibliyini söyləyirlər. Beləliklə, bir münasibətdə romantik olmaq, dəyər vermənin və onu düşünmənin bir simvoludur. Son.az gencaile.az-a istinadən bildirir ki, onun üçün nələr etdiyinizi, cəhd göstərdiyinizi, onu düşündüyünüzü bilməsi qarşı tərəf üçün böyük bir xoşbəxtlik mənbəyidir. Ancaq qadınla yanaşı, kişinin də gözəl sözlərə və romantik anlara, düşünülməyə ehtiyacı olduğu deyilir. Qadınların öz aralarında etdikləri söhbətlərdə kişilərin bu sahədə problemi olduğu qeyd edilir. Onlar kişilərin nə qədər duyğusuz, romantikadan heç xəbəri olmadığından, onun yanında dəfələrlə başqalarının münasibətlərindən misallar çəksələr də, həyat yoldaşının ona heç bir jest etmədiyindən şikayətlənirlər. Adətən "Bir gün belə, bir çiçək alaraq gəlmədi", "Bir dəfə sürpriz etsəydi, bir yerdə restorana getmiş olsaydıq" kimi fikirlər söylərlər. Niyə bu fikirləri həyat yoldaşına söyləmədiyinə soruşduqda isə onlar "Mən söylədikdən sonra nə dəyəri var, o düşünmədikdən sonra" deyirlər.

Evlilikdəki çətinliklər romantik duyğuların da üstünü örtür

Kişilər isə adətən qadınların düşündüklərinin əksinə olaraq bu cür jestləri daxildən gəlmədiyindən deyil, düşünmədiklərindən etməzlər. Onlar bu cür jestlərin gərəkli olmadığını və romantikanın önəm daşımadığını düşünərək qadınların bunu gözlədiklərini də bilməzlər. Hətta bəzən evlənmə ərəfəsində xeyli xərc çəkdiklərini düşünüb, sonra əlavə xərc çəkməyə ehtiyac duymurlar. Qadınlar isə gözlədiklərini dilə gətirmirlər və zaman keçdikdən sonra bəlkə də yetərincə sevilmədiklərini düşünürlər. Lakin araşdırmalara görə, kişilər qadınlara nisbətən nə qədər ad günlərini unutsalar da, yaxud Sevgililər günü hədiyyəsini hətta son anda yanacaqdoldurma stansiyasından alsalar da, onların qadınlardan daha romantik olduğu ortaya çıxıb. "The Normal Bar" adlı kitabda dünya miqyasında 10 min insan ilə aparılan online anket yer alıb. Kitabda XXI əsrin münasibətləri araşdırılır və 1300 sualda bir sıra mövzular öz əksini tapıb. Belə nəticəyə gəlinib ki, kişilər romantik olmasına baxmayaraq, evlilikdən kənar münasibətlərə daha çox meyil göstərirlər. Bunun səbəbi kimi isə xoşbəxt olmayan evliliklər göstərilir.

Ümumiyyətlə, bütün münasibətlərin enişi və çıxışları var. Bəzən evlilikdəki çətinliklər belə romantik duyğuların da üstünü örtür. Bütün cütlüklərin sevgini hiss etdikləri və hiss etmədikləri anlar olur. Araşdırmalara görə, romantik olmaq bütün kişilərin ortaq problemidir. Adətən romantik olmağı ildönümü, ya da Sevgililər günündə düşünürlər. Amma qadınlara yalnız belə günlərdə deyil, ilin digər günlərində də xüsusi davranışlar lazımdır. Belə romantik anlar üçün müxtəlif üsullar tətbiq edə bilərlər ki, buraya şeir yazmaq, sevdiyi mahnılardan ibarət cd hazırlamaq, birlikdə romantik bir film seyr etmək üçün kinoteatra getmək, internetdən romantik e-kartlar göndərmək, sevgi mesajları yazmaq və s. daxildir.

"Qadın qulağı ilə kişi isə gözü ilə sevir"

Psixoloq Tünzalə Verdiyeva bildirdi ki, kişi və qadın arasında romantik münasibətlər dedikdə sevənlərin bir-birinə individual, yaradıcı, kreativ fikirlərlə yanaşması, fərqli sevgi etirafları və evlənmə təklifləri, evlilik ildönümləri, ad günlərinin və s. xüsusi anlamlı günlərin təşkilində və keçirilməsində elə detallara, şəxsi istək və arzulara fikir verməkdir ki, qarşısındakı şəxs özünü dəyərli hiss etsin: "Bunun üçün özünü deyil, tərəf müqabilini tanımaq, arzu və istəklərini bilmək, estetik zövqünü qiymətləndirmək daha vacibdir. Ola bilsin ki, sən hər şeyin ən gözəlini etdiyini sanırsan, amma bu, sevgilinin istədiyi deyil. Bu, ümümi yanaşmadır və hər iki cinsə aiddir".