Merkuri Günəşin qarşısını kəsəcək bunu Azərbaycandan


Digərləri 13 Apr 2019 19:59:00 205 0

Merkuri Günəşin qarşısını kəsəcək  bunu Azərbaycandan

Merkuri Günəşin qarşısını 2019-cu il noyabrın 11-də kəsəcək. 

Bu hadisəni saat 16:35-də Azərbaycandan da izləmək mümkün olacaq. Növbəti dəfə belə tutulmanı həvəskar astronomlar 2032-ci ildə müşahidə edəcəklər.

Günəş sisteminin ən kiçik planeti

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Merkuri Günəş sistemində ən kiçik planetdir və ona ən yaxın məsafədə yerləşir. Onun peyki yoxdur. Bu planet barədə oraya zond göndərilənə qədər çox az məlumat olub. Mariner-10 kosmik aparatı Merkuriyə çatanda radar və radioteleskopla müşahidələr aparıb. Əvvəllər insanlar elə düşünürdülər ki, Merkurinin orbiti və öz oxu ətrafında fırlanması eynidir və 88 gün təşkil edir. Bu, Yerlə Ay arasında olan məsələ kimi idi. Amma oraya siqnallar göndəriləndən sonra məlum oldu ki, Merkurinin öz oxu ətrafında firlanması 58,7 gün təşkil edir və bu, planetin öz orbitinin üçdə ikisi deməkdir.

Qurululşu

Merkuri daşlı-qayalı dörd planetdən biridir və Yer kimi çox möhkəmdir. Ekvatoru 4879 kilometr olan Merkuri digər dörd planetdən ən kiçiyidir. Onun 70 faizi metaldan, 30 faizi silikatdan ibarətdir. Planetin sıxlığı 5430 kq/m³-dir. Bu da onu Günəş sistemində sıxlığına görə Yerdən sonra ikinci edir. Amma Merkuri haqqında danışdıqda onu Yer planeti kimi təbəqələrə bölmürük, biz onun sıxlığını ümumiləşdiririk. Yerin təbəqələri var, məsələn, litosfer və s. Merkuri isə kiçik olduğundan onda təbəqələr gözə çarpmır. Amma onun nüvəsi var. Bu nüvə planetin böyük hissəsini təşkil edir və əsasən dəmirdən ibarətdir. Bu isə sıxlığına görə çox möhkəm bir elementdir. Merkurinin nüvəsinin ölçüsü 2074 kilometrdir. Bu nüvə planetin 85 faizini (Yerdə bu göstərici 17 faizdir) əhatə edir. Belə güman olunur ki, bu nüvə ərimiş formadadır. Yer kimi Merkuri də sərt örtüyə malikdir və onun qalınlığı 400 kilometrdir.

Geologiya və planetin səthi

Merkurinin səthi daha çox Ayın səthinə bənzəyir. Ayda olduğu kimi, buraya da çoxlu sayda meteoritlər, asteroitlər düşüb. Merkurinin kraterləri məşhurların adlarını daşıyır.

Günəş sistemi yaranan zaman burada toqquşmadan sonra əmələ gəlmiş iki nəhəng krater bu gün Kaloris (diametri 1550 kilometr) və Raxmaninovun (306 kilometr) adını daşıyır. Burada kraterlərdən başqa, geniş düzənliklər, hündür qayalıqlar da var.

Planet boza çalan qəhvəyi rəngdə görünür. Parlaq cığırlar "krater şəfəqləri" adlanır. Asteroid və ya komet düşəndə belə xətlər yaranır. Bu daş-qaya parçaları planetin səthinə dəyəndə yüksək dərəcədə enerji ayrılır. Bu zaman yeri və qayalığı əzir və sıxlaşdırır, yerdə olan daş parçalarını dağıdıb uzağa atır. Onlar yerə düşdükcə planetin səthində cığır, iz qoyur. Xırda daşlar boyük daş-qayalara nisbətən daha güclü şəkildə radarlarda əks olunur. Ancaq bu cığırlar vaxt keçdikcə ətraf mühitin təsirindən daha zəif əks olunmağa başlayır.

Planetdə temperatur ekstremal şəkildə gah isti, gah da soyuqla əvəzlənir. Gün ərzində Merkuridə hərarət 430°-yə qədər yüksəlir. Atmosfer olmadığı üçün planet istiliyi özündə saxlaya bilmir və buna görə də gecə vaxtı temperatur -180°-yə enir.

Merkuri şimal və cənub qütblərində, əsasən də krater diblərində, eyni zamanda, planetin daim qaranlıq qalan hissələrində su saxlaya bilər.

Merkurinin səthi meteorit izləri ilə zəngindir. Cavan kraterlərin bir neçə milyon il yaşı var. Planetin səthində temperatur yüksək olduğundan ən qədim kraterlər eroziyaya məruz qalmışlar.

Meteoritlərin qoyduğu izlərin yaşı təxminən 4000 milyon ildir. Bu dövr ərzində planet vulkan püskürməsi baxımından aktiv olub; lava burada dənizlər, düzənliklər əmələ gətirib. Bu dənizləri oraya göndərilən Mesencer (MESSENGER) adlı zond aşkara çıxarıb.

Merkuridə cavan düzənliklər meteorit yağışına az məruz qalıb. Planetin səthinin özəl cəhətlərindən biri də odur ki, lava qatlar əmələ gətirib. Belə düşünmək olar ki, planetin daxili soyuyub və səthdə deformasiya yaranıb. Merkurinin səthi dəniz dalğasına bənzəyir. Bu forma Günəşin təsirindən yaranıb və onun cazibə qüvvəsindən asılıdır. Dalğa effektinin gücü 17 faizdir və Ayın Yerə təsirindən qat-qat çoxdur.

Merkuridə nəzərəçarpan yerlərdən biri də hövzədir. Kaloris adlı bu hövzə kraterdən qalan bir izdir və Günəş sistemində tayı-bərabəri yoxdur. Bu nəhəng kraterin arxasında düzənliklər və dağ silsilələri yerləşib. Belə güman olunur ki, onların formalaşması kraterlə bağlıdır.