“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Neftçalada (FOTO)


Digərləri 13 Apr 2019 17:24:14 188 0

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Neftçalada (FOTO)

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan festival Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib. Festivalda nazirliyin məsul işçiləri, Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, regional mədəniyyət idarələrinin işçiləri, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə neftçalalı iştirak edib. İki hissədən ibarət olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sərgi hissəsində dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib. Yaradıcılıq festivalı sərgiyə gələn balaca ziyarətçilərin də zövqünü oxşayıb. Festival iştirakçıları uşaqlar üçün sərbəst janrda bədii kompozisiyalar hazırlayıblar. Milli qəhrəman Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Cırtdan Kukla Teatrının “Kilimarası” tamaşası balacalar tərəfindən maraqla qarşılanıb.