İntihar statistikası: özünə qıyan dahilər, qadınların 3 dəfə artıq cəhdi, kişilərin qətiyyəti...


Dünya 13 Apr 2019 15:46:00 174 0

İntihar statistikası: özünə qıyan dahilər, qadınların 3 dəfə artıq cəhdi, kişilərin qətiyyəti...

İstənilən prizmadan baxanda bütün variantlarda intihara, həm də intihara sövq edən mühitə (insana, cəmiyyətə, hər hansı bir konkret hadisəyə) haqq qazandırmaq olmur. Neçə onilliklər boyu intihara qarşı mübarizə vasitələri düşünülüb bütövlükdə cəmiyyətdə tətbiq edilsə də, hələ ki, müsbət nəticə əldə etmək mümkün olmayıb. Əksinə, bəzi ölkələrdə intihar yüksələn şakala ilə qeydə alınmaqdadır.

İntihar hadisələri ilə bağlı statistik göstəricilərin tükürpədici rəqəmlərlə əks olunduğunu söyləsək, yəqin ki, yanılmarıq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 40 saniyədən bir planetin bir sakini öz həyatına qəsdən son qoyur. Təşkilatın hasablamalarına görə, hər gün dünyada 3 min nəfər, il ərzində isə təxminən 1 milyona yaxın insan intihar edir.  Dünyada insan ölümlərinin səbəbləri araşdırılarkən, belə bir nəticə də əldə olunub ki, səbəblərdən birincisi xəstəlik, ikincisi bədbəxt hadisələr, üçüncüsi isə intihardır. İntihar hadisələrinin bu sırada üçüncü yerdə durması anlaşılmaz olduğu qədər, həm də gözlənilməz və əsaslı narahatlıq yaradacaq bir haldır.

İntihar hadisələri ilə bağlı bir çox diqqət çəkən faktlar mövcuddur. Məsələn, Cində hər iki dəqiqədən bir intihar hadisəsi baş verir. Son.az musavat.com-a istinadən xəbər verir ki, dünyada baş verən intihar hadisələrinin təxminən dörddə bir hissəsi Çində baş verir ki, bu da təxminən hər il 300 min insanın özünə qəsd edərək öldürməsi deməkdir.

Yazıçı Ernest Heminquey

İntihara cəhd etmək və təkrar-təkrar bu cəhdlərdən sonra sonda istədiyinə nail olmaq təkcə adi insanların həyatında baş vermir. Bəzi məşhurlar da, məhz öz həyatlarında intiharı çıxış yolu seçiblər. Ziqmund Freyd, Kleopatra, Ernest Heminquey, Hannibal, Cek London, Sokrat, Vinsent van Qoq kimi tanınmışlar öz həyatlarına intiharla son qoyublar.

Bəzi ölkələrdə intihara cəhd edənlər dövlətin rəsmi qanunları ilə cəzalandırırlar. Məsələn, Sinqapurda və Hindistanda intihara cəhd edənlər bu ölkənin qanunlarına müvafiq 1 ilə qədər azadlıqdan məhrum edilirlər. Təbii ki, əgər cəhd baş tutmayıbsa. Hələ orta əsrlərdə Avropada intihar hadisəsi cinayətlə bərabər tutulub və cəmiyyət tərəfindən olduqca mənfi qarşılanıb. Hətta intihar edənlərə ölümlərindən sonra belə cəza tətbiq edilib. İntihar edənin əmlakı müsadirə olunub, cəsədi təhqir hədəfinə çevrilib və qəbirstanlıqda dəfn edilməkdən məhrum olunub.

Qədim dövrlərdə düşmənə əsir düşməmək üçün insanlar qrup şəkilində də intihar ediblər. Eramızdan 473 il əvvəl 960 yəhudi romalılara əsir düşməmək üçün belə qərara gəliblər. Onların arasından yalnız iki qadın və beş uşaq cəsarət taparaq ölümün əlindən xilas ola biliblər.

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri saydığımız Fransada, gün ərzində orta hesabla 24 nəfər intihar edir, intihar hadisələri əsasən metrolarda baş verir. Qeyd edək ki, ümumiyyətlə dünyada intihar edənlərin hər iyirmi nəfərdən biri metroda özünə qəsd edir.