"Görüşüb köhnə söhbəti həll edəcəm" 20 il əvvəl baş verən hadisənin qisası


Kriminal 13 Apr 2019 15:20:00 422 0

"Görüşüb köhnə söhbəti həll edəcəm"  20 il əvvəl baş verən hadisənin qisası

Bibisini qaçıran şəxsi bıçaqlayan Ağayəhya hakim qarşısına çıxarılıb. O, 20 il əvvəl baş verən hadisənin qisasını qanla alıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında şahidlər ifadə veriblər.

Təqsirləndirilən Ağayəhya Abbasovun qardaşı Fərahim Abbasov dindirilib.

Sərbəst ifadə verən Fərahim Abbasov bildirib ki, qardaşı ilə hadisə günü bir neçə dəfə danışıb.

"Danışanda hiss elədim ki, içkilidir. Qardaşımdan əvvəl tanışlardan biri mənə zəng elədi. Dedi ki, Ağayəhya Rəşidlə görüşəcək. Mən də dedim ki, aydınlaşdırarıq. Sonra Rəşid və qardaşıma zəng edib danışdım. Ağayəhya dedi ki, Rəşidlə görüşüb köhnə söhbəti həll edəcək. Mən də dedim ki, lazım deyil, nə olubsa, keçmişdə qaldı. Rəşidə də dedim ki, lazım deyil, görüşməsin", - deyən şahid bildirib ki, qardaşı "köhnə söhbət" deyəndə illər əvvəl Rəşidlə bibisi arasında olan münasibəti nəzərdə tutub.

Hakim Fərahim Abbasova sual verib ki, illər əvvəl baş verən "köhnə söhbətə" görə düşmənçilik olubmu?

F.Abbasov suala cavabında bildirib ki, hadisə unudulub və mərhum Rəşidlə heç vaxt söz-söhbətləri olmayıb. Hətta onlarla normal münasibətdə olub, məclislərdə və görüşüb.

"Köhnə söhbət"in yenidən necə açılması haqda isə Fərahim Abbasov bunları deyib:

"Ağayəhya toyda idi. Orada necə olubsa, bu söhbət açılıb. Qardaşım da mənə zəng edəndə dedi ki, bu söhbəti Rəşid açıb və birdəfəlik həll eləmək lazımdır. Mən də dəfələrlə bu işdən uzaq durmasını tapşırdım. Amma məni dinləmədi".

Fərahim Abbasov qardaşının üzərində olan bıçaq haqda da suala cavab verib. Bildirib ki, qardaşı heyvandarlıqla məşğul olub və çox zaman cibində bıçaq olub: "Mən şəhərdə olurdum. Rayona gələndə Ağayəhyanı görürdüm. Bıçaq olurdu, amma hadisə baş verən gün onda olan bıçağı heç vaxt üzərində görməmişəm".

Məhkəmədə şahid qismində Mehralı Qasımov da dindirilib.

O, rayonda mağazada satıcı işləydiyini deyib. Məlum olub ki, hadisə günü Ağayəhya bıçağı Qasımovun işlədiyi mağazadan alıb: "Ağayəhyanı tanıyırdım. Gəlib mağazaya baxdı. 80 qəpiklik bıçaq idi. 1 manat verdim, mən də 20 qəpik qaytardım. Sonra da çıxıb getdi".