Bakı metrosunda qatarlar arasında intervallar azalacaq, qatarların hərəkət sürəti artacaq


Digərləri 13 Apr 2019 11:47:00 185 0

Bakı metrosunda qatarlar arasında intervallar azalacaq, qatarların hərəkət sürəti artacaq

Bakı metrosunda qatarlar arasında intervallar azalacaq, qatarların hərəkət sürəti artacaq.

Bakı. Samir Əli - Bu gün Fransanın “Thales” şirkətinin Bakı Metropoliteninin Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdim etmə mərasimi keçirilib. Trend-in məlumatına görə, Bakı Metropolitenində tətbiq edilən yeni sitemlərlə bağlı təqdimatı “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski aparıblar. Təqdimat əsnasında "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və baş mühəndis Fəxrəddin Əmirov da yeni və mövcud sistemlərin müqayisəli təhlilini veriblər. Həmçinin “Thales”in Toronto və İstanbul mərkəzlərində təlim keçmiş mütəxəssislər - Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov əldə etdikləri təcrübə, apardıqları müşahidələr əsasında yeni sistemlərin üstünlüklərindən bəhs ediblər. Təqdimatda bildirilib ki, hazırda xətlərinin sayı 3, stansiyalarının sayı 25, xətlərinin uzunluğu 36,6 km olan Bakı Metropoliteni uzunluğu 119,1 km-ə çatan və 76 stansiyanı əhatə edən 5 xətdən ibarət şəbəkəyə çevriləcək. Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir. M.Malinovski qeyd edib ki, "Thales" metropolitenlərdə tətbiq edilən müasir avtomatlaşdırma sistemlərinin inkişaf etdirilməsi və tətbiqi sahəsində dünya liderlərindəndir. Hələ 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-Fransa iqtisadi forumunda “Bakı Metropoliteni” QSC ilə “Thales” şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən işlərə başlanıb, uğurlu nəticələr əldə olunub.