Brexit hamını bezdirib!


Dünya 12 Apr 2019 21:56:00 243 0

Brexit hamını bezdirib!

Brexit məsələsinə dair danışıqlar üzrə Avropa İttifaqının əsas nümayəndəsi Mişel Barnye və rəqabət məsələrinə dair Avropa Komissarı Marqret Vestaqer Böyük Britaniyanın Aİ-dən çıxması məsələsinin uzanmasına görə əsəbiləşdiklərini bildiriblər. Onların yekdil fikrinə görə, Aİ-də artıq hamı Brexit məsələsini müzakirə etməkdən yorulub.

Son.az bildirir ki, AZƏRTAC Mişel Barnyenin Avropa KİV-lərinə müsahibəsinə istinadla xəbər verir ki, Brexit məsələsi lap əvvəldən yaxşı ideya olmayıb. Bunun yalnız pis nəticələri olacaq və bu oyunda udan tərəf olmayacaq. Barnyenin fikrincə, Brexit heç kəsə xeyir gətirməyəcək.

Avropa Komissarı Marqret Vestaqer isə öz növbəsində, Aİ-də bu prosesə xeyli vaxt və qüvvə sərf edilməsinə görə təəssüfləndiyini bildirib. O deyib: "Bizim işimiz başımızdan aşır, məşğul olmalı məsələlər var. Ona görə də biz Brexit ucbatından mühüm layihələrin ikinci plana keçməsini rəva görə bilmərik".

Marqret Vestaqerin sözlərinə görə, dövlətlərin liderləri həqiqətən günün ümdə problemlərinə diqqət ayırmaq əvəzinə, bu uzanmış problemin müzakirəsinə vaxt sərf etməyə məcburdurlar. Avropa Komissarı qəzəbləndiyini gizlətmədən deyib: "Biz qaçqınları necə müdafiə etmək, Avropada miqrasiya, Aİ-nin xarici sərhədləri ilə bağlı problemləri necə həll etmək barədə indiyə qədər konsensusa nail ola bilməmişik. Ticarət sahəsində xeyli məsələlər yığılıb qalıb. Bütün bunlar bizim gündəlik həyatımıza çox ciddi təsir göstərir. Amma biz bunun əvəzinə hər gün sizin Brexit məsələnizi müzakirə etməyə məcburuq".