ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib


Digərləri 12 Apr 2019 19:47:05 170 0

ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla millətin, xalqın ən dəyərli simalarından biri olan böyük şəxsiyyətin işığına toplaşıldığını deyib. Rektor Hüseyn Cavid adının yalnız ədəbiyyatsevərlər üçün deyil, xalqın bütün zümrələrinə məxsus insanlar üçün əziz olduğunu bildirib: “Bu ad zaman-zaman bizə bir az da yaxınlaşır. Bu yaxınlığın ən bariz nümunəsi ondan ibarətdir ki, ölkə prezidenti, hörmətli İlham Əliyev Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görüb. Hər şey Hüseyn Cavidin nəşinin vətənə qaytarılmasından başlayıb. Bildiyiniz kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü və fədakarlığı nəticəsində Sibirə göndərilmiş, Sovet rejiminin qurbanı olan şairin nəşi vətəninə qaytarılmış, vətənində torpağa əmanət edilmişdir. Bu, milli-mənəvi münasibətin ən yüksək forması idi. Bu hadisəni bütün Azərbaycan xalqı, bütün ədəbiyyatsevər qüvvələr böyük əzmlə, minnətdarlıq hissi ilə qarşıladılar. Hüseyn Cavid nakam tale yaşayan şair kimi bütün dünya şairlərinin, ədəbiyyat insanlarının taleyini bölüşüb. Bütün şairlərin başına təxminən eyni kədər, faciəvi hallar gəlib. Hüseyn Cavid sevgi, məhəbbət şairi idi. O, Azərbaycanın ədəbiyyatının gözəllik və tanrı elçisi idi. Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı olmaqla, Füzulidən gələn xəttin davamçısı oldu. Hüseyn Cavid bu gün də bizimlədir. Bu gün Hüseyn Cavid dedikdə, onun yalnız nakam həyatı deyil, zirvələrdən enməyən şair ruhunu da yad edirik. İnanıram ki, bu konfrans mütəxəssislər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”. Konfransda İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani Azərbaycan Dillər Universitetində akademik və diplomatik kolleqalarının yenidən əhatəsində olmaqdan şad olduğunu bildirib. O, Hüseyn Cavid yaradıcılığının maraqlı müzakirə mövzusu olduğunu deyib. Səfir mövzunun İndoneziya, həmçinin qlobal mühit ilə tarix, ədəbiyyat, mədəniyyət, siyasət və mənəvi dəyərlər baxımından yaxınlığından danışıb. Azərbaycanın görkəmli nümayəndəsini xatırlamağın gələcəyin qurulması nöqteyi-nəzərdən vacib olduğunu deyən səfir qeyd edib ki, Azərbaycan ədəbiyyatının zənginliyi və dərinliyinə nəzər salaraq İndoneziya, digər ölkələrin dəyərləri və ideyaları ilə müqayisə etmək onun maraq dairəsindədir. H.Fənani konfransın yekununda Hüseyn Cavid mirasının indiki və gələcək nəsilə böyük təsir edəcəyinə inamını ifadə edib. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik” mövzusunda çıxış edərək Hüseyn Cavidin demonizm fəlsəfəsinə qayıtmasından söz açıb. O, Azərbaycançılıq məfkurəsi, istər türk idealı, istərsə də islami dəyərlər məsələsinin Caviddə ümumi bəşəri dəyərlər mahiyyətində ifadə olunduğunu bildirib. M.İmanov Cavidin Azərbaycandan danışarkən dünyadan, turandan, dünyadan danışarkən isə Azərbaycandan danışdığını qeyd edib. M.İmanov bildirib ki, Cavidin mövzularının haradan qaynaqlanmasından asılı olmayaraq, əsas məsələ onun bəşəri ideyalara sadiq qalması və ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir. O, bu baxımdan “İblis” faciəsini təhlil edərək dramaturqun ən sərt həqiqətləri insanlara təlqin etməkdən çəkinmədiyini diqqətə çatdırıb.