Samir Şərifov: 2018ci ildə dövlət büdcəsinin gəlirləri proqnozdan artıq olub


Digərləri 12 Apr 2019 19:07:00 241 0

Samir Şərifov: 2018ci ildə dövlət büdcəsinin gəlirləri proqnozdan artıq olub

https://az.trend.az/business/finance/3045796.html

Maliyyə Nazirliyində 2018-ci il dövlət büdcəsinin icrasına və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Son.az xəbər verir ki, iclası giriş sözü ilə açan nazir Kollegiyanın sədri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə ölkənin hərtərəfli dinamik inkişafı təmin edilib, makroiqtisadi sabitliyin və ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə, ümumi daxili məhsulun 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına, inflyasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə endirilməsinə nail olunub.

Aprelin 11-də Prezident İlham Əliyevin inamlı və parlaq qələbə qazanaraq yenidən dövlət başçısı seçilməsinin 1 ili tamam olduğunu xatırladan S.Şərifov bildirib ki, ötən bir il ərzində müxtəlif sahələri əhatə edən sistemli islahatlar genişləndirilib, struktur islahatları nəticəsində dövlət qurumlarının fəaliyyəti optimallaşdırılıb, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb, şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi, fiziki şəxslərin problemli kreditlərinə dövlət dəstəyinin göstərilməsi ilə bağlı tarixi qərarlar qəbul edilib və beləliklə də əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində növbəti dəfə mühüm addımlar atılıb.

Nazir qeyd edib ki, cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib, 2018-ci ildə istehsal olunan ümumi daxili məhsulun 94,8 faizinə bərabər olub.

2018-ci ilin dövlət və icmal büdcələrin parametrlərinin icrasının qənaətbəxş olduğunu qeyd edən S.Şərifov bildirib ki, həm gəlir, həm də xərclər üzrə göstəricilər buna əyani sübutdur. Eyni zamanda, ölkə iqtisadiyyatının ötən ildəki inkişafı da dövlət və icmal büdcələrinin icrasına müsbət təsir göstərib.

Qeyd olunub ki, ötən il icmal büdcənin gəlirləri 30 milyard 925 milyon manat və ya 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat çox, xərcləri 26 milyard 457 milyon manat və ya 1 milyard 274 milyon manat çox icra olunub. İcmal büdcə 1 milyard 549 milyon manat məbləğində profisitlə proqnozlaşdırılsa da, faktiki olaraq 4 milyard 468 milyon manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2 milyard 918 milyon manat və ya 1,9 dəfə çox deməkdir.

2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 509 milyon manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360,0 milyon manat çox, 2017-ci illə müqayisədə isə 6,0 milyard manat çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 9 milyard 108 milyon manat və yaxud 103,5 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 305,0 milyon manat çox olub.