Azərbaycanda son zəlzələnin fəsadları ilə bağlı 8891 müraciət daxil olub - RƏSMİ


Digərləri 12 Apr 2019 18:44:00 179 0

Azərbaycanda son zəlzələnin fəsadları ilə bağlı 8891 müraciət daxil olub - RƏSMİ

Şamaxı şəhərində operativ müşavirə keçirilib.

Bakı. Şamaxı şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin iştirakı ilə fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirilib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması ilə həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı bugünədək görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirə edilməsi olub. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azərsu” ASC-nin məsul şəxsləri də iştirak edib. Müşavirədə çıxış edən nazir K.Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib və görülən işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır. Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrinin vaxtında icrasının vacibliyini diqqətə çatdırb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ olaraq ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldan sonra dərhal qoşulmalıdır. Nazir yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruri olduğunu da diqqətə çatdırıb. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb ki, onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayıllı rayonundadır. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Ümumilikdə, 648 qəzalı vəziyyətdə olan ev var ki, bu günə qədər həmin evlərdən 272-si sökülüb. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulur.