Saray qəsəbəsində qanunsuz tikili söküldü


Digərləri 12 Apr 2019 18:37:00 219 0

Saray qəsəbəsində qanunsuz tikili söküldü

Abşeron Rayon İcra Hakimiyyəti rayonun Saray qəsəbəsində fərdi yaşayış evinin qanunsuz sökülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Son.azn Trend-ə istinadən bildirilir ki, ev Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sökülməyib: "Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır. Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmədə baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiriik ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır.

Təəssüf ki, vətəndaşların bəziləri "məhkəmə icraçıları" deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür. Bir jurnalist özünün "facebook" səhifəsində hər hansı bir qurum haqda fikir yazarkən sözünün məsuliyyətini bilərək qarşı tərəfin də mövqeyini öyrənsəydi, bu, onun peşəkarlığından xəbər verərdi. Təəssüf ki, qeyri-peşəkar addım atıb və nəticədə də bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq informasiya yayılıb".