Təhsil Nazirliyi və Baş Prokurorluq məktəbdəki intiharla bağlı birgə məlumat yaydı


Digərləri 12 Apr 2019 18:21:51 226 0

Təhsil Nazirliyi və Baş Prokurorluq məktəbdəki intiharla bağlı birgə məlumat yaydı

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun Son.az-a daxil olan birgə məlumatına deyilir.

Məlumatda qeyd olunur: "Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunda yaradılmış istintaq qrupuna tapşırılmış, E.Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilmiş, müxtəlif növ ekspertizalar təyin edilmişdir.

Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

Ekspertizanın keçirilməsində yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan ekspertlərin iştirakının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislər cəlb olunmuşdur.

Cinayət işi üzrə istintaqın obyektivliyinin təmin olunması, şahid dairəsinə qanunsuz təsir göstərilməsi ehtimalının aradan qaldırılması və hadisənin təfərrüatlarının araşdırılması məqsədilə təhsil nazirinin tapşırığına əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən xidməti yoxlama aparılaraq məktəbin direktoru Sevinc Abbasova xidməti araşdırma müddətinə işdən kənarlaşdırılmışdır.

Göstərilənlərlə yanaşı, Bakı şəhər prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 6 aprel 2019-cu il tarixli məlumatında kütləvi informasiya vasitələrində insanların heysiyyatına toxunan əsassız məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq bəzi internet saytlarında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə, tədris prosesinin normal həyata keçirilməsinə mənfi təsir göstərən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmaqla konkret faktlara əsaslanmayan, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilmişdir".