Valentina Matviyenko: "RusiyaAzərbaycan münasibətlərində həlledici rol ölkələrin prezidentlərinə məxsusdur"


Siyasət 12 Apr 2019 18:23:00 261 0

Valentina Matviyenko: "RusiyaAzərbaycan münasibətlərində həlledici rol ölkələrin prezidentlərinə məxsusdur"

Rusiya-Azərbaycan münasibətlərində həlledici rol ölkələrin prezidentlərinə məxsusdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

V.Matviyenko bildirib: "Çox sağ olun, çox hörmətli cənab Prezident. İlk növbədə, bizim nümayəndə heyətini qəbul etdiyinizə, parlamentlərarası əməkdaşlığa göstərdiyiniz diqqət və dəstəyə görə səmimi qəlbdən Sizə təşəkkür etmək istəyirəm. Biz sizin gözəl ölkənizdə həmişəki kimi diqqət, qonaqpərvərlik, qayğı ilə əhatə olunmuşuq. Əminəm ki, nümayəndə heyətinin bütün üzvləri üçün, - onların əksəriyyəti ilk dəfədir ki, Azərbaycandadır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir Vladimiroviç Putinlə görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım. O, bir qədər əvvəl - aprelin 2-də Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə məmnunluqla çatdırıram.

Çox hörmətli İlham Heydəroğlu, Sizinlə şəxsən görüşməkdən çox məmnunam. Həmişə bu görüşləri xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişiklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlinir. Bizim səfər əlamətdar vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərində inamlı qələbə qazandınız. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Sizə, Sizin daxili və xarici siyasi kursunuza güclü dəstək verdi. Bu qələbə həqiqətən olduqca layiqli və inamlı idi. Siz artıq qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini çox hörmətli Heydər Əliyev qoyub".

O vurğulayıb ki, əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici rol bizim ölkələrin liderlərinə, prezidentlərinə məxsusdur: "Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur".

Turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişafına da toxunan V.Matviyenko deyib: "Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq".

Federasiya Şurasının sədri Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirib: "Rus dilinə, mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm".

V.Matviyenko iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib, tələbə mübadiləsi proqramının reallışdırıldığını vurğulayıb, ölkəmizdə Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin önəminə toxunub. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək deyib: "Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk".

V.Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun genişləndirilməsində roluna da toxunub. Parlamentlərarası münasibətlərdən danışan qonaq bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyündən və bu ordeni Prezident Ilham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Federasiya Şurasının sədri qeyd edib ki, özü və Rusiya parlamentariləri bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəklər.