"Şagirdin intihar etdiyi məktəbin direktoru və müavini işdən azad edilib"


Digərləri 12 Apr 2019 17:21:00 237 0

"Şagirdin intihar etdiyi məktəbin direktoru və müavini işdən azad edilib"

VIII sinif şagirdi Elina Hacıyevanın intihar etdiyi 162 saylı məktəbin direktoru və müavini işdən azad edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov mətbuat üçün Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair brifinqdə deyib.

Nazir qeyd edib ki, baş vermiş hadisənin təfərrüatlarının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı Şəhər Prokurorluğunun məlumatına əsasən faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatlarının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan və mötəbərliyi yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən aparılan xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb.

Brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərdə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub. Belə ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən, vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.