Nazir müavini: "Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır"


Siyasət 12 Apr 2019 14:48:00 228 0

Nazir müavini: "Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır"

Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

R.Həsənov bildirib ki, bu kitab Azərbaycan-Böyük Britaniya əlaqələrini, bu əlaqələri şərtləndirən amilləri öyrənmək üçün bir pəncərədir.

Nazir müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Böyük Britaniya ilə əlaqələr genişlənməkdə davam edir: "Bu gün siyasi baxımdan Azərbaycan və Böyük Britaniya həm ikitərəfli şəkildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına mühüm töhfə verir".

O vurğulayıb ki, enerji sektoru iki ölkə arasında aparıcı əməkdaşlıq sahəsi hesab olunur: "Buna baxmayaraq əlaqələrimiz diversifikasiya prosesindədir. Azərbaycanda 500-ə yaxın Böyük Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin sayı çoxluq təşkil edir".

R.Həsənov əlavə edib ki, hər il yüzlərlə azərbaycanlı tələbə Böyük Britaniya universitetlərində təhsil almağa gedir: "Mədəni sahədə də mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə hər iki ölkədə müntəzəm tədbirlər keçirilir. Bir sözlə, bu kitab Böyük Britaniya cəmiyyətinin Azərbaycanı daha yaxından tanımasına böyük töhfə verəcək".