Spartak Ayaz Quliyevi cəzalandırdı - "ömürlük dərs olacaq"


İdman 12 Apr 2019 11:13:00 281 0

Spartak Ayaz Quliyevi cəzalandırdı - "ömürlük dərs olacaq"

Spartak Ayaz Quliyevə qarşı sərt intizam sanksiyaları tətbiq edib.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi 23 yaşlı yarımmüdafiəçinin komandanın məşqinə gələrkən piyada ilə münaqişəyə girməsi və ona kobud fiziki güc tətbiq etməsi göstərilib. Həmin piyada ABŞ vətəndaşı olub. Tərəflər sonradan münaqişəni yoluna qoyublar və zərərçəkən futbolçuya qarşı heç bir iradının olmadığını bildirib. Lakin baş verənləri öyrənən Spartak rəhbərliyi Quliyevi ciddi cəzalandırmağı qərara alıb. Klub istənilən zorakılıq hallarını pisləyərək, oyunçusunun belə davranışını yolverilməz sayıb.

Öz növbəsində Quliyev özünü aqressiv apardığını bildirib: "Günahımı etiraf edirəm. Zərərçəkəndən bir daha üzr istəyirəm. Həmçinin məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubuma üzrxahlıq edirəm. Komandamızın azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq".