UNEC-100: Sosial xidmətlərdə aparıcı universitet


Digərləri 12 Apr 2019 10:16:22 233 0

UNEC-100: Sosial xidmətlərdə aparıcı universitet

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2030-cu ilədək sosial xidmətlərdə aparıcı ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyub.

Bakı. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2030-cu ilədək sosial xidmətlərdə aparıcı ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyub. “UNEC-100” İnkişaf strategiyasında bu istiqamətdə strateji məqsəd və hədəflər müəyyən edilib. Hər il milli səviyyəli sosial məsuliyyətlilik layihəsi reallaşdırmaq, ömür boyu təhsil proqramı üzrə ən azı beş təhsil xidməti göstərmək, UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin təşkilatlanmasını və sosial şəraitini, o cümlədən məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək bu istiqamətdə strateji hədəflər kimi təsbir olunub. Strategiyaya əsasən, milli səviyyəli sosial məsuliyyətlilik layihələri cəmiyyətin elmi yanaşmaya və elmi inkişafa verdiyi dəyəri artırmağa, ekoloji şüurun inkişafına, aktual sosial problemlərin öyrənilməsi ilə bağlı tədqiqatların həyata keçirilməsinə yönələcək. UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərinin fasiləsiz olaraq təkmilləşdirilməsi, elmi tədqiqatlar, tədbir və layihələrin nəticələrinin cəmiyyətlə bölüşdürülməsi də strategiyada əksini tapıb. İnkişaf strategiyasında açıq tədris resurslarının formalaşdırılması, mühazirə və seminarların təşkili, onların internet üzərindən yayılması, UNEC ekspertlərinin media ilə əlaqə mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulub.