Polis Gəncədə əməliyyat keçirdi:


Digərləri 12 Apr 2019 09:31:00 231 0

Polis Gəncədə əməliyyat keçirdi:

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon İdarəsinə gətirilib.

Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram, yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343 qram, Elvin Nağıyevin üzərindən 1.9 qram, Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.