Masallıda sahibkarlara güzəştli kredit verilib (FOTO)


Digərləri 11 Apr 2019 23:43:44 454 0

Masallıda sahibkarlara güzəştli kredit verilib (FOTO)

Masallı rayonunda işgüzar forum keçirib.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə Masallı rayonunda işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı Sənaye Məhəlləsində keçirilən forumda rayonun iqtisadi potensialına uyğun olaraq çayçılıq, bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, ixtisaslaşdırılmış “yaşıl market” və soyuducu anbar komplekslərinin, çay emalı müəssisəsinin və xalça fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar təqdim olunub. İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2019-cu ilin ötən dövründə sahibkarlıq subyektlərinin ümumi dəyəri 88 milyon manat olan 183 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 870-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 3400-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 123,6 milyon manat güzəştli kredit verilib.