Alimlər Antarktikada niyə qədim buz qatını deşmək istəyir?


Digərləri 11 Apr 2019 21:02:00 264 0

Alimlər Antarktikada niyə qədim buz qatını deşmək istəyir?

Yer üzündəki iqlimin son 1,5 milyon il ərzində necə dəyişdiyini təhlil etmək məqsədi güdən iddialı layihəyə start verilib.

Avropa konsorsiumu dekabr ayında Antarktidaya elmi ekspedisiya göndərib oradakı buz qatında dərin buruq qazacaq.

Məqsəd Antarktidanın buz qatının təxminən 3 kilometrlik dərinliyindən tədqiqat aparmaq məqsədi üçün buz nümunəsini əldə etməkdir.

Alimlər qədim zamanlarda Yer üzündə buzlaq dövrlərinin tez-tez dəyişməsinin səbəbini aydınlaşdırmağa ümid edirlər.

Tədqiqatçılar hesab edirlər ki, araşdırmanın nəticələri müsair dövrdə iqlim istiləşməsinin nə miqyas ala biləcəyini müəyyən etməyə kömək edə bilər.

"900 000 il bundan əvvəl nəsə baş verib - buzlaq dövrlərinin müddəti 40 000 ildən 100,000 ilədək dəyişib, səbəbini isə bilmirik", - Fransanın Grenoble şəhərindəki Ətraf Mühit Geologi Elmlər İnstitutundan doktor Catherine Ritz BBC-yə deyib.

Doktor Ritz sözügedən layihəyə start verilən Avropa Geoloji Elmlər Baş Assambleyasında çıxış edib.

Antarktidadakı quyunun Dome Concordia adı ilə tanınan Fransa-İtaliya elmi stansiyasından 40 km cənub-qərbdə qazılacağı bildirilib.

Beyond-EPICA adlı layihədə 10 ölkənin 14 institutu iştirak edəcək.

Buz örtüyündən buz mili görünüşündə nümunənin çıxarılması 5 il çəkəcək, daha bir il isə buzun nümunəsinin öyrənilməsinə sərf olunacaq.

30 milyon avro həcmində dəyərləndirilən layihənin xərci Avropa İttifaqının "Horizon 2020" adlı elmi büdcəsindən ödəniləcək.

Buz parçasının içində hava kürəcikləri qədim dövrlərdə olan atmosferin tərkibi barədə məlumatı təmin edir.

Buz nümunəsindən iqlimin dəyişməsi barədə nəyi öyrənmək olar?

Antarktidaya milyonlarla il ərzində qar yağıb.

Qar örtüyü sıxlaşdıqca və buz örtüyünə çevrildikcə, müvafiq zaman dövrünə aid hava kürəcikləri həmin buz qatının içində qalıb.

Həmin kürəçiklər qədim zamanlara aid atmosferin nümunələridir.

Alimlər həmin nümunələrdə karbon qazı, metan və digər qazların miqdarını müəyyən edə bilərlər.

Donmuş molekulların içində ilişib qalmış atomların təhlili isə müvafiq dövrlərə aid havanın temperaturu barədə də məlumat təmin edir.

İndiyədək buzlaq örtüyündə qazılmış ən dərin buruğun uzunluğu 2774 metr, diametri isə 10 sm olub.