“Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda maarifləndirmə tədbiri keçirilib


Digərləri 11 Apr 2019 20:20:00 212 0

“Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə “Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda tədbir keçirilib.

Bakı. Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə “Gender bərabərliyi və uşaqlara qarşı zorakılıq” mövzusunda tədbir keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, məktəb rəhbərliyinin, müəllim, şagird və valideynlərin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Lamiyə Zeynalova və İlahə Əfqanlı iştirak ediblər. Aparatın əməkdaşları tədbirdə çıxış edərək, ölkə Ombudsmanı Elmira Süleymanovanın insan hüquqları sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin prioritet istiqamətlərindən birinin məhz gender əsaslı zorakılıqla mübarizə sahəsinə aid olduğunu diqqətə çatdıraraq, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat veriblər. Bildirildi ki, Ombudsmanın fəaliyyətinə Azərbaycan qanunvericiliyinin gender baxımından təhlili, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsi, gender bərabərliyi sahəsində maarifləndirmə işinin aparılması, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması üçün dövlət proqramlarının işlənib hazırlanması və bir sıra digər məsələlər də daxildir.