Güzəştli mənzil tikintisi ilə bağlı YENİ XƏBƏR


Digərləri 11 Apr 2019 19:41:00 213 0

Güzəştli mənzil tikintisi ilə bağlı YENİ XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi, abidəsi önünə əklil qoyuldu.

Son.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət etdilər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydular.

Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 3-cü ildönümü ilə əlaqədar qurumun inzibati binasında iclas keçirildi.

3 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 3-cü ildönümü münasibəti ilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

S.Sadıqov bildirdi ki, Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının mənzil şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində atdığı mütərəqqi addımların rolu danılmazdır. Ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinə ayırdığı xüsusi diqqət və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.

Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar torpaq sahələri ayrılmışdır. Paralel olaraq Gəncə şəhərində də güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə torpaq sahəsinin ayrılması üçün işlər aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulmuşdur.


Xəbərə aid fotolar