Uşaq qəddarlığının ölümcül həddi: “bullinq”


Digərləri 11 Apr 2019 19:34:00 196 0

Uşaq qəddarlığının ölümcül həddi: “bullinq”

"Bullinq" (ingiliscə - bullyinq) sözü Azərbaycan dilinə tərcümə olunmasa da, əməldə həmişə cəmiyyətdə idi.

Sözlə, fiziki və ya psixoloji olaraq məktəblilərin digərləri ilə kobud zarafatlaşması, bunu ifrat həddə çatdırması və təkrarlanması "bullinq"dir. 

Depressiya, tənhalıq, kədərin artması, əyləncə vasitələrinə marağın itməsi ilə nəticələnən bu vəziyyət intihara qədər apara bilir. Həm "bullinq" edən, həm də "bullinq"ə məruz qalan tərəfdə psixoloji problemlər yaranır.

"Bullinq"lə rastlaşan uşaqlar ölüm riski altında olsalar da, intihar fikirləri olmur. Lakin valideynləri, müəllimləri ilə olan problemlər bu riski artırır. 

Son.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı bu vəziyyətlə rastlaşmış gəncləri tapıb və onların hekayəsini dinləyib:

Sevda (ad şərtidir) artıq universitet tələbəsidir, amma şagird olarkən ona edilən "zarafat"lar yadından çıxmır:

"Məktəb vaxtı qiymətlərim əla olub, amma çox çirkin, tüklü, qara, balaca, əyri dişli uşaq olmuşam. İlk oxuduğum məktəbdə bunu problem etmirdim, çünki heç kim məni buna görə incitmirdi, əsas olan dərs oxumaq idi.

Sonra Bakı kəndlərindən birinə köçdük, məktəbdə yenə hamıdan yaxşı mən oxuyurdum, ancaq burada uşaqlar başqa cür inkişaf etmişdi.

O məktəbə keçəndə dişlərimə düzəlsinlər deyə "dəmir" taxılmışdı. Bir növ, pəltək kimi danışırdım. Yeniyetmə yaşımda - VIII sinifdə hamı tərəfindən lağ obyekti olmuşdum. Oğlanlar da, qızlar da iyrənc zarafatlar edirdilər.

Sinif rəhbərim ilk gəldiyim gündən bəri ən yaxınım olmuşdu. O olmasaydı, bəlkə də, normal psixologiyada qalmazdım. Dərs oxumağımı da ailəm sayəsində əksiltmədim.

Amma dişlərimin müalicəsini yarımçıq qoydum, utandım deyə taxmadım. Hazırda universiteti bitirməyə hazırlaşıram, ancaq hələ də o məsələlərdən sonra yaranan komplekslərim beynimdə qalıb, qurtula bilmirəm.

Dişimdə dəmir olanda danışanda gülürdülər, hətta çox oxumağıma da lağ edirdilər ki, kitabları yeyirsən. Sinifdə həm imkanlı, həm də xarici görünüşləri yerində olan bəzi uşaqlar olur, bütün sinif onların ətrafında yığılmağa çalışır.

O uşaqlar hamıya hər şeyi deyə biləcəklərini sanırlar. Övladım olanda eyni vəziyyəti yaşasa, nə edəcəyimi bilmirəm".

Leyla (ad şərtidir) isə oğlunun sinif yoldaşının başına gələnləri danışıb:

"Oğlumun sinif yoldaşını kasıb geyiminə, fasilədə yemək almayıb evdən gətirdiyi dürməyi yediyinə görə uşaqlar ələ salırdı. Oğlum gəlib deyirdi ki, filankəsə güldülər, mən də onlarla dalaşdım, bizi müdirin yanına apardılar. Müdir məsələni araşdırıb oğluma hirslənməmişdi, xəbərdarlıq etmişdi ki, bundan sonra belə olsa, uşaqları vurma, gəl, mənə de. 

Məktəbdə söz-söhbət oldu, müəllimi buna görə "divara dirədim". Böyük oğlum da o məktəbdə oxuyurdu, ona tapşırdım ki, gözün bunların sinfində olsun. İndi həmin uşaq idman edir, bədəni sinifdə hamıdan yaxşıdır, oğlanlar hamısı ondan çəkinir".

Nərmin (ad şərtidir) də xarici görünüşünə görə ağladıldığını deyir:

"Həmişə qaşlarıma lağ edirdilər, hər gün evə gedib ağlayırdım. Bəzi günlər o qədər əsəbiləşirdim ki, evə gedib tək-tək qaşlarımı dartıb yolurdum. Ailədə də təkləndiyim çox olub.

Fiziki şiddətlə də rastlaşmışam. Həmin günlərdə çox istəmişəm ki, ölüm və hər şey bitsin. Amma bir tərəfdən də çox üsyankar uşaq idim. Haqqımı tələb edirdim, deyirdim ki, mənə haqsızlıq edirsiniz, mən çox oxuyub, gedəcəyəm buradan, həyatımı yenidən quracağam. Elə də oldu.

Ailəmlə münasibətlərim indi yaxşıdır, hər şey yaxşıya doğru dəyişib".

Lalə (ad şərtidir) o vaxt yaranan travmaların indi həyatına təsir etdiyini deyir:

"13-14 yaşım olardı, paralel sinif rus bölməsindəki iki oğlan qabaqda gedirdi. Saçımı tam yığımışdım. Biri digərinə dedi ki, qıza yol ver, o biri lağ edərək dedi ki, o, qız deyil, oğlandır, oğlana oxşayır. O hadisədən sonra saçımı yığıb çölə çıxmıram, daha doğrusu, çıxa bilmirəm. İntihar etmə həddinə çatmasam da, hərəkətlərimə təsir edir, bəzi şeyləri etməməyə çalışıram".


Xəbərə aid fotolar