Beyləqanda 120 kq yararsız ət məhv edildi


Digərləri 11 Apr 2019 18:47:00 301 0

Beyləqanda 120 kq yararsız ət məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində aprelin 11-i gecə saat 2 radələrində vətəndaşa məxsus "Jiquli" markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman baqaj hissədə təxmini çəkisi 120 kq olan iribuynuzlu heyvan cəsədi aşkar edilib.

Agentlikdən Son.az-a verilən məlumata görə, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.

Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.