Ötən bir il bölgələrin simasında FOTOREPORTAJ


Digərləri 10 Apr 2019 21:33:00 203 0

Ötən bir il bölgələrin simasında FOTOREPORTAJ

Prezident İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ötən bir il qısa zaman olsa da, ölkə həyatında, xüsusilə regionların simasında böyük dəyişikliklər, inkişaf baş verib, insanların sosial rifah halı daha da yaxşılaşıb.

Prezident İlham Əliyev hər zaman regionların inkişafına xüsusi önəm verib, bu istiqamətdə reallaşdırılan siyasəti ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi görüb. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

İstər ötən bir ilə nəzər saldıqda, istərsə də dövlət proqramları çərçivəsində həyata keçirilən işlərə baxdıqda əldə olunan uğurlar daha qabarıq nəzərə çarpır.

Əvvəlcə 2018-ci ilin iqtisadi göstəricilərinə qısa diqqət yetirək: ümumi daxili məhsul 1,4 faiz olub, qeyri-neft sektoru 1,8 faiz inkişaf edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiya cəmi 2,3 faiz təşkil edib. Kənd təsərrüfatı 4,6 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yatırılıb. İxrac 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo 8,6 milyard dollar təşkil edib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara bərabər olub. Xarici borc ümumi daxili məhsulun 19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. 118 min daimi iş yeri yaradılıb.

2018-ci ildən bəri dövlətimizin başçısı rayonlara 30-dək səfər edib, yol çəkilişi, tikinti-quruculuq işləri, abadlaşdırma, lift təsərrüfatı, binaların dam örtüklərinin dəyişdirilməsi, məktəb və xəstəxana tikintisi, subartezian quyularının qazılması və digər sahələrlə bağlı çoxsaylı sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışını xatırlayaq: "Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir".

Bəli, məhz bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsidir ki, regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, eləcə də regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb.

Regional inkişafla bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin edilir, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılır, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri təşkil olunur, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parkları, sənaye məhəllələri yaradılır.

Qeyd etmək yerinə düşər ki, Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi" sualına isə respondentlərin 93,1 faizi "hə" cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi "əsasən müsbət" kimi dəyərləndirib.