Bakıdakı yanğınla bağlı 8 nəfər Təcili Tibbi Yardıma müraciət edib


Digərləri 10 Apr 2019 15:24:05 231 0

Bakıdakı yanğınla bağlı 8 nəfər Təcili Tibbi Yardıma müraciət edib

Bakının Nizami rayonunda Səhiyyə Nazirliyinin balansında olan məcburi köçkünlərin məskunlaşdığı xəstəxana binasında baş verən yanğınla bağlı Təcili Tibbi Yardım Stansiyasına 8 nəfər müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 2 kişi, 3 qadın və bir uşağa yerində yardım göstərilib: "1 kişi özünü hündürlükdən atıb. Xəstə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır. Bir nəfər isə toksikologiya şöbəsinə gətirilib. Tibbi yardım göstərilib, hazırda vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​