Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək


Digərləri 10 Apr 2019 12:49:27 188 0

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

Aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə yalnız elektron qaydada hazırlanacaq.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq. Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Qeyd edilməlidir ki, mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur.