Azərbaycan Universitetinin kolektivi cəbhə bölgəsinə səfər edib (FOTO)


Digərləri 10 Apr 2019 11:45:00 210 0

Azərbaycan Universitetinin kolektivi cəbhə bölgəsinə səfər edib (FOTO)

Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsinin üçüncü dayanacağı mərkəz daxil olmaqla böyük bir hissəsi işğal altında olan Füzuli rayonunun 3 nömrəli Zobucuq qəsəbəsinin 33 nömrəli tam orta məktəbi olub.

Bakı. Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsinin üçüncü dayanacağı mərkəz daxil olmaqla böyük bir hissəsi işğal altında olan Füzuli rayonunun 3 nömrəli Zobucuq qəsəbəsinin 33 nömrəli tam orta məktəbi olub. Universitetdən Trend-ə verilən məlumata görə, cəbhə bölgəsinə səfər eyni zamanda müasir hərb tariximizin ən böyük qələbələrindən biri olan Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə təşkil olunub. Universitetin rektoru Səadət Əliyeva başda olmaqla ali məktəbin bir qrup əməkdaşı və tələbələri məktəblə tanış olub, dərslərdə iştirak ediblər. Gün ərzində 9, 10 və 11-ci sinif şagirdlərinə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, tarix və informatika fənlərini tələbələr Nigar Rəhimova, Hüriyyə Səlimova, Pənah Piralıyev, Ruslan Ağakişiyev, Fəranə Mikayılova, Sarvan Əliyev, Xəyal İsmayılov və Rövşən Saatov keçib. Dərslər proyektorlar vasitəsilə slaydlarla tədris olunub. Universitet tərəfindən məktəbə masaüstü kompüter dəsti, kitabxanaya bədii ədəbiyyat və dərslik daxil olmaqla 60 kitab hədiyyə olunub. Məktəbin birinci sinif şagirdləri də unudulmayıb. 30-a yaxın birinci sinif şagirdinə ali məktəbin xüsusi hədiyyələri təqdim olunub. Orta məktəbin rəhbərliyi tələbələrin hazırlıq və dərs keçmə metodologiyasından məmnuniyyətlərini ifadə edib, qonaq tələbələrə Qarabağ müharibəsi zamanı Füzuli rayonu ərazisində gedən ağır döyüşlər, rayona dəyən iqtisadi ziyan, işğalın ətraf mühitə, təbii sərvətlərə və tarixi abidələrə dağıdıcı təsiri, rayonun milli qəhrəmanları və şəhidləri haqqında məlumat verib. Məktəblə tanışlığın ardından universitet kollektivi Füzuli rayon təhsil şöbəsinin əməkdaşları ilə birlikdə 1994-cü ildə işğaldan azad edilmiş Horadiz şəhərində olub, şəhərin girişində yerləşən və 10 hektar ərazidə salınan Bayraq meydanını gəzib. Burada universitet əməkdaşlarına Horadiz şəhərində, işğaldan azad edilmiş kənd və qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri, genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında məlumat verilib, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçməsinin əhəmiyyəti vurğulanıb.