Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlandı
Digərləri 10 Apr 2019 11:25:00 255 0
Bu gün Ümumdünya Hemofiliya Günüdür.
Aprelin 17-i Ümumdünya Hemofiliya Günüdür. Bəzi məlumatlara görə, indi dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.
Son.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda respublikamızda 1 621 hemofiliyalı xəstə qeydiyyatdan keçib. Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölümün sayı azalır.
Qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliya X xromosomunda cəmi bir genin konfiqurasiyasının dəyişməsi nəticəsində yaranır. Xəstəliyin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir.