Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə beynəlxalq festivalda çıxış edəcək (FOTO)


Digərləri 10 Apr 2019 02:31:00 282 0

Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə beynəlxalq festivalda çıxış edəcək (FOTO)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə Azərbaycanı Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək.

Bakı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə Azərbaycanı Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Bu, Dağıstanda ilk dəfə keçirilən Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalıdır. Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək. Beynəlxalq mədəniyyət tədbirində “Ən yaxşı tamaşa”, “Ən yaxşı mono tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq. Festivalın ilk tamaşası Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının "İtirilən gün", son nümayişi isə aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Ölülər" əsəri olacaq. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.