Sosial media və fiziki görünüş arasındakı mürəkkəb həqiqət


Digərləri 09 Apr 2019 21:04:00 248 0

Sosial media və fiziki görünüş arasındakı mürəkkəb həqiqət

Əksəriyyətimizə elə gəlir ki, sosial mediada gördüyümüz gözəl və adətən redaktə edilmiş şəkillərə baxdıqda özümüz haqda pis düşünməyə başlayırıq. Bəs araşdırmalar nə deyir?

Əgər boş vaxtlarınızı Instagram və ya Facebook-da keçirirsinizsə, heç də yalnız deyilsiniz.

Bəs, sizə heç maraqlı gəlibmi ki, sosial mediada qarşınıza çıxan başqa insanların görünüşü - istər tətildən şəkil paylaşan bir dostunuz olsun, istərsə də idman zalındakı selfisini paylaşan bir məşhur - sizin özünüzə qarşı münasibətinizə necə təsir göstərir?

Mediada yer alan fotoşoplu məşhurların və ya taxta kimi arıq modellərin qeyri-real bədən standartları uzun illər ərzində həm tənqid, həm də təqdir olunub.

İndi isə influenserlərin məşhurlaşdığı bir dövrdə sosial medianın da bədən imicinə pis təsir göstərdiyi düşünülür.

Lakin reallıq daha nüanslıdır və sizi bədəninizdən razı salacaq və ya ən azından özünüzü pis hiss etməməniz üçün müəyyən yollar mövcuddur.

Qeyd etmək lazımdır ki, sosial media və bədən görünüşü ilə bağlı araşdırmalar hələ erkən mərhələdədir və araşdırmaların əksəriyyəti əlaqəli deyil.

Yəni məsələn, Facebook-un insanların görüşünü haqqında pis düşünməyə səbəb olduğu və ya məhz görünüşündən narazı olan insanların Facebook-dan daha çox istifadə etdiyini sübut edə bilmərik.

Deyilənlərə görə, sosial mediadan istifadə bədən imici narahatlıqları ilə əlaqəlidir.

2016-cı ildə dərc olunan 20 məqalənin sistematik icmalı bunu deməyə əsas verir ki, şəkil əsaslı fəaliyyətlər, yəni öz Instagram səhifəsindəki fotolarına tez-tez nəzər salan və ya tez-tez öz şəkillərini paylaşan insanlar bədənləri haqqında neqativ düşüncələrə sahibdirlər.

Instagramda şəkilləri gözdən keçirmək kimi foto-əsaslı fəaliyyətlər insanları bədənlərindən narazı olduğu fikri ilə əlaqələndirilir

Lakin sosial mediadan istifadə etməyin yolları müxtəlifdir: başqalarını paylaşımlarını izləyənlərdənsinizmi, yoxsa selfi çəkdirib, onların üzərində işləyib və hesabına yükləyənlərdən? Yaxın dostlarınız və ailənizi izləyirsiniz, yoxsa çoxsaylı məşhur və influenserləri?

Araşdırmalar göstərir ki, özümüzü kimlə müqayisə etdiyimiz çox vacibdir.

"Adətən görünüşünə tənqidi yanaşanlar, Instagram və ya istifadə etdikləri istənilən platformadakı görünüşlərlə özünü müqayisə edən insanlardır," Avstraliyada yerləşən Sidney Macquarie Universitetindən postdoktoral tədqiqatçı Jasmine Fardouly deyir.

227 qadın universitet tələbəsi arasında aparılan sorğuda qadınlar deyiblər ki, Facebook-dakı həmyaşıdları və məşhurlar ilə müqayisədə özlərini daha pis hiss edirlər.

Lakin ailə üzvləri ilə müqayisə aparmırlar belə. Görünüş ilə bağlı narahatlıqları ən güclü olan müqayisə qrupu uzaq tanışlar və ya həmyaşıdlar olub.

Məşhurlara baxmaq qadınların görünüşləri haqqında düşüncələrinə pis təsir göstərir, amma tanışların bədənləri onları daha çox stressə salır

Fardouly bunu onlayn həyatların bir-tərəfli qiymətləndirilməsi ilə izah edir. Əgər birini yaxşı tanıyırsınızsa, həmin adamın özünün ən yaxşı tərəflərini göstərdiyini də yaxşı bilirsiniz.

Amma bir ilə sadəcə uzaqdan tanışlığınız varsa, onlar haqqında məlumatınız da az olur.

Neqativ təsir

Söhbət influenserlər və izlədiyiniz hesablardan ibarət böyük çevrədən gedirsə, mövzuların növləri heç də eyni deyil.

Araşdırmalar göstərir ki, gözəl görünüşlü insanların idmanla məşğul olduğunu göstərən şəkil və ya videolar bizdə daha "qəddar" təsir doğurur.

Bristolda yerləşən Qərbi İngiltərə Universitetinin dosenti Amy Slater 2017-ci ildə 160 qadın tələbə arasında bir araşdırma aparıb. Belə ki, iştirakçılar ya #fitspo (idmanla məşğul olanlar), özünə sevgi sitatları ya da hər ikisinin qarışığı olan real Instagram hesablarını nəzərdən keçiriblər.

Yalnız #fitspo-ya baxan qadınlar özlərinə qarşı sevgidə daha aşağı nəticə göstəriblər, lakin özünə sevgi sitatlarına baxanlar (misal üçün, "Olduğun kimi gözəlsən") özlərini daha yaxşı hiss ediblər və bədənlərindən razı qalıblar.

Həm #fitspo, həm də özünə sevgi sitatlarını seçənlər isə neqativlərdən daha uzaq qala biliblər.

Sosial mediada özünə sevgi sitatlarına baxmaq insanların özləri haqqında müsbət düşünməsinə səbəb olub

Bu ilin əvvəli dərc olunan və 195 qadın arasında aparılan başqa bir araşdırmada qadınlara @bodyposipanda kimi məşhur Instagram hesablarından pozitiv bədən mövzulu məzmun göstərilib.

Məzmuna çimərlik kostyumu və ya idman geyimləri, yaxud təbiətdən neytral şəkillər daxil olub.

Araşdırmaçılar, Instagram-da #bodypositive kimi məzmunların qadınların öz bədənlərinə daha müsbət münasibət bəsləməyə kömək etdiyini müəyyənləşdiriblər.

"Həmin iki şey birlikdə bədən imici ilə bağlı faydalı məzmun olduğunu göstərən bir məlumat formalaşdırmağa başlayır," Slater deyir.

Pozitiv bədən görünüşünün mənfi tərəfləri də ola bilər: söhbət yenə də bədəndən gedir. Eyni araşdırmada həm də aşkarlanıb ki, pozitiv bədən fotolarına baxan qadınlar yenə bədənlərinin obyektivləşməsinə köklənirlər.

Belə ki, şəkillərə baxdıqdan sonra, qadınlardan özləri haqqında 10 fikir yazmaq istənilib. Özünü daha çox tənqid edən qadınların fikirləri bacarıqları və ya şəxsiyyətlərindən daha çox görünüşə köklənib.