Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblar


Digərləri 09 Apr 2019 21:07:00 248 0

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblar

Dünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydınıydı ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək.

Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı MacKenzie ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər.

MacKenzie Bezos Amazon-da 4 faizlik paya sahib olacaq.

Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes jurnalının versiyasına görə MacKenzie dünyanın ən varlı 24-cü adamı olacaq, qadınlar arasında isə üçüncü yeri tutacaq.

Bəs, dünyanın ən varlı qadınları siyahısında kimlər var?

Bu siyahıya onlar necə daxil olublar?

1. Françoise Bettencourt-Meyers

Françoise Bettencourt-Meyers

Sərvəti: 49,3 milyard dollar. Forbes jurnalının siyahısında 15-ci yerdədir.

Françoise kimdir?

Sərvəti ona anasından miras qalıb - Liliane Bettencourt L'Oreal parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hazırda Françoise şirkətdə 33 faiz paya sahibdir.

Anasıyla onun münasibətləri heç də yaxşı olmayıb, hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər də.

Françoise məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər.

Onların əlaqələri Liliane Bettencourt-un ölümündən bir neçə il əvvəl bərpa olunub.

65 yaşlı Françoise həm də araşdırmaçılıq fəaliyyətiylə məşğuldur, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

2. Alice Walton

Alice Walton

Sərvəti: 44.4 milyard dollar. Ən varlı adamlar siyahısında 17-ci yerdədir.

Alice kimdir?

69 yaşlı Alice Walton Walmart supermarketlər şəbəkəsinin sahibi Sam Waltonun yeganə qızıdır.

İki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub.

Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir.

3. MacKenzie Bezos

Jeff və MacKenzie Bezos

Sərvəti: 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir. Bütün sərvətinin nə qədər olduğunu günlərin birində bizə Forbes deyəcək.

MacKenzie Bezos kimdir?

MacKenzienin 48 yaşı var. Jeff Bezos-la 1993-cü ildə evləniblər - hedc-fondda birlikdə çalışdıqları zamanlarda.

Onların 4 uşağı var.

Qızlıq soyadı Tuttle olan MacKenzie əslən Kaliforniyadandır, Amazon-un ilk işçilərindəndir. İki roman yazıb.

Bundan başqa, o, zorakılığa qarşı mübarizə məqsədilə Bystander Revolution adlı qeyri-hökumət təşkilatı da yaradıb.