Bu günə qədər 1,2 milyard manatdan çox ipoteka krediti verilib


Digərləri 09 Apr 2019 19:24:00 245 0

Bu günə qədər 1,2 milyard manatdan çox ipoteka krediti verilib

Aprelin 1-ə qədər İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, 26000-dən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.

Son.az bildirir ki, Fonddan Trend-ə verilən məlumata görə, bu kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (01 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3109 nəfər ailəyə 203 mln. manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə edib.