İsgəndər Həmidovun televizoru, göydə qalan "Xalq Hərəkatı"


Siyasət 09 Apr 2019 15:20:00 242 0

İsgəndər Həmidovun televizoru, göydə qalan "Xalq Hərəkatı"

"Qәlbimdәn gәlәn sәs mәnә çox zadlar öyrәdir. Haman sәs pak vә tәmiz insafımın sәsidir ki, hamıda o insaf var. Hәr kәs guş-huş ilә onun buyurduğuna qulaq asıb, әmrinә әmәl elәsә, çox sirlәrdәn agah olub, çox şeylәr bilәr" (Sokrat)

Miladiyyә tarixinin iki min on doqquzuncu ilin aprel ayının 8-də ölkə siyasətində bir qәribә әhvalat olubdu. Әhvalat budur ki, Azərbaycan müxalifətində ahıl, saçları başları ağarmış adamların məntiqini özləri oğurladılar. Baxanlar da onların mərəkəsinə və cəngü-cidalına tamaşa edibən qah-qah çəkdilər.

Söz yox, o kәsin ki, bu әhvalatdan xәbәri yoxdur, mәnim sözümә inanmayacaq; çünki doğrudan da qoca, dilləri və əlləri ilə yanaşı, bəzən düşünmə məharətləri də əsən məntiqin itmәkliyi bir elә tәәccüblü şey deyil ki, bundan bir qәribә әhvalat çıxsın. Məmləkətin müxalifətində, hər təşkilatda və partiyada gün olmaz ki, eşşәk itmәsin.

Amma xeyr, "Azərbaycan Xalq Hərəkatı" (AXH) adlanan dərnəkdə məntiqin itməkliyinin özgә müxalifət firqələrindəki həmən vaqelərə bir tük qәdәr dә oxşarı yoxdur.

Vallahi, billahi, İngiltərənin baş şəhəri Londonda oturub hər gün saatlarla YouTube-da göftgü edən, ölkə əhlinə rövzələr deyib siyasət və ağıl öyrədən Qurban Məmmədovun yeriməyən arabanı itələyən kəndli təki, elə hey "dəstək" verdiyi AXH-də məntiqin itməkliyi bir qәribә әhvalatdı ki, nağıl edim, siz dә oxuyub lәzzәt aparasız.

Әvvәl görәk nədir və nəçidir "Azərbaycan Xalq Hərəkatı"?

Hәr kәs vaxtilə xalq hərəkatında olmuş Rəhim Qazıyevi, İsgəndər Həmidovu və qeyrilərini tanıyır. Qeyrilər indi AXH-nin İdarə Heyəti adlı dərnəyin üzvləridir. İntizamlı pionerləri kimi yığışırlar bir yekə otağa, başlayırlar olanlardan, keçənlərdən, olmayanlardan və keçməyənlərdən danışmağa.

Hərdən mübahisə edirlər.

Hərdən söyüşürlər.

Hərdən yumruqlaşmağa çalışırlar.

Hərdən barışır, kövrəlir, "bir də belə edib rüsvay olmayaq" deyir və dəxi başlayırlar məmləkətdə hakimiyyətə necə gələcəklərini müzakirə etməyə.

Hamısı nitq irad etmək üçün ayağa duranda, boğazını arıtlayıb "mənim xalqım" deyir.

Halbuki xalq əyyami-qədimdən qalan, Məmmədnəsir tinindəki həsir qədər köhnələn siyasətçiləri tanımaq istəyir, yerdə qalan "yeni siyasətçilər"i də tanımır.

İsgəqdər Həmidovun pulunun ətrinə toplaşmaqda da suçlayırlar AXH-nin həşəmətli və şanlı İH-ni. Belə yazım ki, qoy köksləri qabarsın, yoxsa ki, "İdarə Heyəti" bir qədər yüngültaxtalı səslənir.

Ərz etdim ki, vaxtilə daxili işlər naziri olmuş İsgəndər Həmidovu və başabəla, özü də Azərbaycana bəla olmuş Rəhim Qazıyevi çoxları tanıyır.

İsgəndər Həmidov qoca kişidi, olar sininin ahıl vaxtı. Artıq olmaz. Hәrçәnd ki, saqqalı ağarıbdı, özü ki, and içir ki, әgәr mәni siyasi müşküllər sıxmasaydı, heç kәs demәzdi ki, mәnim sinnim filan qədərdli.. Elә yalan demir İsgəndər Həmidov; çünki kişinin bu sinnindә yenә yanaqları qıpqırmızı qızarır.

Onun başına işlər gəlib.

Әgәr duraq hamısını nağıl elәmәkliyә, çox uzun çәkәr. Nәlәr gәlib qoca "boz qurd"un başına, nә işlәrә düçar olubdur!

Vәssalam ki, rüzgar bu kişinin üzünә gülməyibdir.

Özlərini "məzlum xalqın demokratiya carçıları, millətiin xilaskarları" elan etmiş xırda-xuruş partiya rəhbərlərindən ibarət olan "Azərbaycan Xalq Hərəkatı"nın İdarə Heyəti - yəni AXH-nin İH-i - parçalanıb.

Həmidov Qazıyevə, Qazıyev Həmidova İH-də "ih" deyərək ayrılıblar, hərəsi bir yerdə iclas qayırıblar.

Sonra da bir-birlərinə zəng vurublar ki, bəs ay bəy, haradasan, bu tərəfə adla, Məclis bizik. Qazıyev Həmidova deyib, Həmidov Qazıyevə irad tutub.

Araya Elşad Musayev varid olub, amma küsənləri barışdıra bilməyib.

Bir tərəfdə Rəhim Qazıyev və Tural Abbaslı telefonlara sarılıblar, digər tərəfdəsə İsgəndər Həmidov və ahıl "boz qurd"un tərəflarları.

O tərəf bu tərəfə deyib ki, bəs siz legitim deyilsiniz, bu tərəf də o tərəfə virtual barmaq qovzayıb ki, xeyr, legitim olmayan elə sizsiniz ki, varsınız.

Bunlar onlara "buraya gəlin" deyiblər, onlar deyiblər ki, "deməzsən aldatdım, yaxhı işdi, elə siz buraya gəlin".

Daha sonra Rəhim Qazıyev buyurub ki, xub, gedim evi səhmana salım, təmizləyim, bizim evə yığışaq.

Mərəkəyə Londondakı Qurban Məmmədov telefonla qoşulub.

Rəhim Qazıyev deyib: "Alo! Alou! Bəy, salam! Mən hesab edirəm ki, siz orada saxlayın. Bizim ev qurbandı - saa o vaxtdan demişəm.

KXCP sədri Mirmahmud Fəttayev masanın üzərindəki telefonlara baxıb, sonra sinirlənib və Rəhim Qazıyevin qulağındakı telefona sarı deyib: "Alo, eşidirsinizmi məni?! Sizə bir həftə bundan qabaq dedim, qulaq asmadınız. Gəldik bu günə düşdük. Xəbəriniz olsun - bu gün də mənim təklifim göydə qalacaqsa, "Azərbaycan Xalq Hərəkatı" filan olmayacaq".

Daha sonra Elşad Musayev ucadan danışmağa başlayıb və bu dəm nə isə demək istəyən Əhməd Orucun qoluna vurub. Ki, sus, görmürsən burada nə işlər görürəm.

"İsgəndər bəy, alo! Alo! İclası təxirə salın, doğru qərar verin! Orada adamlar var, hamısı sizi eşidir. Oradakıların elə bir səsi də yoxdu, sözü də yoxdu. Sizin sözünüzdü. Barmağınızı qaldırsanız, gələcəklər, endirsəniz - enəcəklər".

"Sözü və səsi olmayanlar" isə AXH-yə qatılmış digər partiya sədrləri imiş.

Hirslənmiş İsgəndər Həmidov da ona zəng vuranlara deyib: "Mən razılaşdım, televizorda da dedim. Siz razılaşmadınız. Televizorlarda da hamı gördü".

Hər an da canlı yayımda - sanki Avropa Birliyində "Brexit" müzakirəsidir.

Siyasəti bu tövr gözdən salıb özlərini rüsvay edəndən sonra sanki ayılan "bəy"lər bir araya gələrək dostluq və həmrəylik, yekdillik və birlik görüntüsü yaratmağa çalışıblar.

İsgəndər Həmidov Facebook, YouTube və Skype-ni "televizor" sayır.

Özü də Facebook profili və YouTube kanalı vasitəsilə reallaşan canlı yayım kadrlarına baxaraq danışmağı da var.

Nə də olsa, "televizor"dur.

Və bu insanlar dərnəklərini "Xalq Hərəkatı", özlərini isə "millətin nicat"ı sayırlar...

Elçin Alıoğlu Son.az

Videonu izləmək üçün şəklə klikləyin: