Orxan Məmmədov: ""Diqlas"dakı yanğında zərər çəkmiş şəxslərə dəstək bir daha göstərdi ki, dövlət daim sahibkarların yanındadır" MÜSAHİBƏ


Digərləri 09 Apr 2019 14:41:00 251 0

Orxan Məmmədov: ""Diqlas"dakı yanğında zərər çəkmiş şəxslərə dəstək bir daha göstərdi ki, dövlət daim sahibkarların yanındadır"  MÜSAHİBƏ

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara dövlət tərəfindən müxtəlif dəstək tədbirləri göstərilir. Bu məqsədlə İşçi qrupu və sahibkarların suallarının operativ cavablandırılması üçün "qaynar xətt" yaradılıb, 5 ay icarə haqqı ödənilməməklə sahibkarlara Bakının müxtəlif ərazilərində ticarət obyektləri təklif olunub. Aprelin 5-dən etibarən isə sahibkarlara maddi yardımın göstərilməsinə başlanılıb.

Son.az bildirir ki, ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə Trend-in suallarını İşçi qrupunda təmsil olunan Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov cavablandırıb.

- Orxan müəllim, KOBİA-nın da təmsil olunduğu İşçi qrupunun fəaliyyəti və zərər çəkmiş sahibkarlara göstərilən dəstək tədbirləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

- Əvvəlcə qeyd etmək istərdim ki, martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu və dövlətin sahibkar üçün ən yaxşı tərəfdaş olduğunu bir daha göstərdi. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdü, dövlət başçısının sədrliyi ilə müşavirə keçirildi. Növbəti addım olaraq ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması və sahibkarlara maddi yardımın göstərilməsi haqqında sərəncamlar imzalandı.

Müşavirədən sonra yanğından zərər çəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili məqsədilə İqtisadiyyat Nazirliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də təmsil olunduğu İşçi qrupu və Agentlikdə (012) 404-04-01 nömrəli "qaynar xətt" yaradıldı. Martın 29-dan etibarən KOBİA-nın inzibati binasında sahibkarların qəbulu üçün müvafiq şərait yaradıldı və növbəlilik prinsipi gözlənilməklə İşçi qrupu tərəfindən sahibkarların qəbulu keçirildi.

Üç gün davam edən qəbulda zərər çəkmiş sahibkarlar dövlət başçısının tapşırığına uyğun olaraq, fərdi qaydada İşçi qrupu tərəfindən qəbul edildi, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənildi, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olundu.

Martın 29-dan etibarən fəaliyyətə başlamış 404-04-01 nömrəli "qaynar xətt"ə indiyədək 600-dən çox müraciət daxil olub. Bu müraciətlər KOBİA-nın əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılıb, onlara müvafiq izahatlar və məlumatlar verilib.

- İşçi qrupu çərçivəsində neçə sahibkarla görüş keçirilib və onların ehtiyacları nədən ibarət olub?

- İşçi qrupu tərəfindən yanğından ziyan çəkmiş sahibkarların hər biri ilə əvvəlcədən razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda qəbul keçirilib. Ümumilikdə qəbul çərçivəsində 450-yə yaxın sahibkar fərdi qaydada qəbul edilib. Hər bir sahibkar ayrıca dinlənilib, onlara dəymiş zərərin qiymətləndirilməsi və fəaliyyətin bərpası üzrə dəstəklərə dair hazırlanmış xüsusi məlumat formaları paylanılıb. Bu anket formaları vasitəsilə hər bir sahibkarlıq subyekti barədə müvafiq məlumatlar, onlara dəymiş ziyanın həcmi, fəaliyyətlərinin bərpası üçün ehtiyacları öyrənilib.

Ümumilikdə İşçi qrupu tərəfindən qəbul zamanı 385 sahibkar 15 milyon manatadək güzəştli kreditə ehtiyacının olduğunu bildirib. Artıq sahibkarlarla bu istiqamətdə işlərə başlanılıb.

Bundan başqa, ticarət mərkəzləri ilə danışıqlar aparılaraq sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərtilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 8 ticarət mərkəzində ümumi sahəsi 31 min kv.m-dən çox olan 690-a yaxın ticarət obyekti təklif olunub. Ümumilikdə qəbul çərçivəsində 412 sahibkar ümumi sahəsi 12,5 min kv.m olan ticarət obyektlərinə ehtiyacının olması barədə məlumat verib. Artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərtilə müxtəlif ticarət obyektlərində yerlərlə təmin olunub. Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.