Yaz depressiyası və onun səbəbləri


Digərləri 08 Apr 2019 23:27:00 199 0

Yaz depressiyası və onun səbəbləri

Yaz depressiyası yazın lap əvvəlindən başlayır. Havaların isinməsi, günlərin uzanması, günəşin daha çox görünməsi insan bədənindəki bioritmlərin və hormonal balansların kəskin dəyişməsi yaz depressiyası yaradır. Yazda qan durulur, təzyiqin artması və bunun nəticəsində orqanizmdə oyanma baş verir, həmin dəyişikliklər isə sinir pozğunluqlarına, əsəbiliyə səbəb olur. Yazın əvvəllərində bəzi adamlarda həmin depressiv halla üzləşmək olar.

Son.az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın AZƏRTAC-a verdiyi məlumata görə, qışdan yenicə çıxan insanların birdən-birə az yatması, qış rejiminə öyrəşdiyi halda yenidən yaz rejiminə keçməsi onun əhvalına təsir edir: "Həmin insanlarda yarıyuxululuq əlamətləri müşahidə olunur, əhvali-ruhiyyə aşağı düşür. Xoşbəxtlik hormonu deyilən serotonin hormonunun azalması da depressiya yaranmasına səbəb olur. Geyimlərdə kontrastlı vəziyyəti qoruya bilməmək də bunun səbəblərindən biridir. Təbii ki, bu, vitamin çatışmazlığı, yəni avitaminoz dövrünə də təsadüf edir. Ona görə də immun sistemi zəifləyir, bu da öz növbəsində əhval-ruhiyyənin enməsinə aparıb çıxarır".

Psixoloqun dediyinə görə, yazda depressiyaya düşənlər günün daha çox hissəsini yatmaqla keçirmək istəyir. Üzücü hissləri çoxalır, əsəbilik baş qaldırır, iştaha dəyişkənlikləri olur, hətta bəzən iştahanın kəsilməsi də baş verə bilər: "Depressiya müxtəlif yaşlarda özünü müxtəlif cür göstərir: yeniyetmələrdə yaz depressiyası özünü daha qabarıq şəkildə büruzə verir. Onların orqanizmində həmin vaxt daha çox dəyişikliklər başlayır. Nisbətən yuxarı yaşlarda, məsələn, 50-55 yaşında olanlarda daha çox fizioloji problemlər hiss olunur. Sinir sistemi pozuntusu, aqressivlik həmin yaş dövründə olanlar üçün daha xarakterikdir".


Xəbərə aid fotolar